AZ

Dünyanı xaosa sürükləyən müharibənin birinci ayı necə keçdi?

ain.az, Adelet.az saytına istinadən bildirir.

Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı başlatdığı müharibənin bir aydır davam edir. Bir tərəfdən “danışıqlar” iddiaları səslənsə də, digər tərəfdən bölgədə gərginlik pik həddə çatıb.

Adalet.az müharibənin ilk ayında baş verən əsas hadisələri təqdim edir. 

Müharibə necə başladı?

Müharibə 28 fevral səhər saat 09:30-da başladı. İlk hücum xəbərləri Tehran, Qum, Kirmanşah, İsfahan və Kərəc şəhərlərindən gəldi.

Həmin gün ABŞ və İsrailin hərbi qüvvələri aktiv əməliyyatlara başlayıb. ABŞ Prezidenti Donald Tramp “Epik Qəzəb” adlandırılan əməliyyatı sosial şəbəkədə paylaşdığı video ilə elan etdi.  

Müharibə mülki itkilərlə başladı

İlk hücumlar zamanı İranın cənubundakı Minab şəhərində ibtidai məktəb raket zərbəsinə məruz qaldı. Nəticədə əksəriyyəti uşaqlar olmaqla azı 175 mülki şəxs həyatını itirdi. Eyni gün Lamerd şəhərində idman zalına edilən hücumda isə 20 yeniyetmə qız öldü.

İlk gündə rəhbər şəxslər hədəf alındı

Hücumların əsas hədəfinin İranın siyasi və hərbi rəhbərliyi olduğu açıqlandı. Tehrandakı “Liderlik Evi” vuruldu və ölkənin ali dini lideri Əli Xameneinin öldüyü bildirildi.  

Eyni hücumlarda yüksək vəzifəli şəxslər – Əli Şəmxani, Əli Nasırzadə, Abdurrahman Musevi və Məhəmməd Pakpurun da öldüyü bildirildi.

İranın cavab zərbələri

İran dərhal cavab hücumlarına başladı. Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazaları hədəfə alındı. İlk zərbə Manama şəhərində yerləşən ABŞ-nin 5-ci donanmasının obyektinə endirildi.

Daha sonra BƏƏ, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Oman və İordaniya da hücumlara məruz qaldı. Səudiyyə Ərəbistanında yerləşən Prins Sultan aviabazası da vuruldu.

İsrail və Livan cəbhəsi

İsrail də hücumların hədəfində oldu. Tel-Aviv şəhərində raket zərbələri nəticəsində bir nəfər öldü. İsrail isə Livanda yeni cəbhə açaraq "Hizbullah" mövqelərinə zərbələr endirdi. Beyrut daxil olmaqla bir neçə şəhər bombardman edildi.

Türkiyə istiqamətində təhlükə

Martın 4-də İran tərəfindən atılan və Türkiyə hava məkanına yönələn ballistik raket NATO tərəfindən zərərsizləşdirildi. Sonrakı günlərdə də oxşar hadisələr qeydə alındı.

Enerji infrastrukturu hədəfdə

Müharibənin ilk həftəsində İranın hərbi və enerji obyektlərinə minlərlə zərbə endirildi. Xüsusilə neft və qaz infrastrukturu ciddi zərər gördü. Tehran yaxınlığında neft anbarlarına hücum nəticəsində böyük yanğınlar baş verdi.

Yeni dini lider seçildi

İranın Ekspertlər Şurası Müctəba Xameneinin yeni dini lider elan etdi. O, ilk çıxışında Hörmüz boğazının bağlı qalacağını bildirdi.

Münaqişənin genişlənməsi

18 martda İsrail İranın qaz emalı obyektlərinə zərbə endirdi. Eyni zamanda Körfəz ölkələrində yerləşən enerji obyektləri də hücumlara məruz qaldı.

İran isə İsrailin Dimona və Arad şəhərlərinə raket zərbələri endirdi. Hücum nəticəsində 1 nəfər öldü, 160 nəfər yaralandı.

Neft bazarına təsir

Müharibə nəticəsində Hörmüz boğazı faktiki olaraq bağlandı. Bu isə dünya neft bazarında ciddi dalğalanmalara səbəb oldu və qiymətlər təxminən 40% artdı.

Döyüşlər davam edir

28 gündür davam edən müharibədə tərəflər qarşılıqlı hücumları davam etdirir. ABŞ və İsrail İranın strateji obyektlərini vurur, İran isə İsrail və regiondakı hədəflərə raket və pilotsuz uçuş aparatları ilə cavab verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
adalet.az

2Mənbələr