AZ

Aktyor deputata cavab verdi: “Siz kimsiniz ki, insanları aşağılayırsınız?”

“Deputat Səyyad Aran, demisiniz ki, vaxtında elm, sənət öyrənəydiniz, adam kimi yaşayaydınız, 300-400 manat maaş almayaydınız. Mən universiteti əla qiymətlərlə bitirmişəm, illərlə zülm çəkmişəm, sənət öyrənmişəm... 2004-cü ildə dünya kinosunun ulduzu Amitabh Baççan şəxsən mənim haqqımda yarım saat ən gözəl sözləri deyib. Daha nə etməli idim ki, adam kimi yaşamaq, özümün şəxsi, gözəl, ad-sanıma layiq ev-eşiyimin olması üçün, Səyyad Aran? Deputat olub yeddi min manat maaş alıb insanları aşağılamaq, əksiltmək sizin nə haqqınızdır? Bu çox asandır...”

 

Pravda.az xəbər verir ki, bu sözləri Aktyor Kamran Yunis deyib.

 

K.Yunis gördüyü işlər fonunda imkansızlığından bəhs edib: “Mən bu günə kimi yetmişə yaxım tamaşa oynamışam, otuza yaxın filmə çəkilmişəm, üç-dörd minə yaxın Azərbaycan poeziyasının ən gözəl şeirlərini səsləndirmişəm ki, insanlar qulaq assınlar, bir az Azərbaycan ədəbiyyatından, mənəviyyatından xəbərləri olsun. Mən daha nə etməli idim ki, heç olmasa işləyə bilim? Niyə əxlaqsızların, pozğunların hər şeyi var? Kimdən əksiyəm? Adamlar tanıyıram ki, üç üniversitet bitiriblər, fəhləlik edirlər. Siz kimsiniz ki, insanları aşağılayırsınız? Qoyun, kasıbçılığımızla ölək. Heç kimin ixtiyarı yoxdur ki, kimisə alçaltsın. Və siz bu halınızla guya deputatsınız. Hər gün taksi ilə harasa gedəndə taksi sürən həkim də, müəllim də, vəkil də görürəm, polis də. Siz isə hədyan danışırsınız. Ayıbdır! Deputatsınız, demirsiniz ki, bu insanların yaşamağa haqqı var, gəlin onları adam kimi yaşadaq. Gündən-günə vergilər, cərimələr qalxır, millətin boğazına çökürsünüz. Barı buna görə susmaq əvəzinə, hələ bir danışırsınız da! Mən 35 ildir, Azərbaycan mədəniyyətinə təmənnasız qulluq etmişəm. Nəyim var? Nə qazanmışam? Deputatlığı qoyun kənara, ağsaqqalsınız, böyüksünüz. Danışanda elə danışın ki, kimsənin qəlbini qırmayasınız. Mən bir cümlə deyəndə min dəfə fikirləşirəm ki, birdən kiminsə qəlbini qıraram. Ayıb deyilən bir şey var, Səyyad Aran, yaxud bu millətin haqqını yeyən başqa deputatlar! Aldığınız pulun halallığını alın. Balalarınızın, sevdiklərinizin burnundan piltə-piltə gəlməsin deyə... Yeyin! Allah imkan versə, halal xoşunuz olsun, amma bizi alçaltmayın. Biz yetərincə ziyalıyıq, bu milləti sevən insanlarıq, siz bizi sevməsəniz də!”

 

Xatırlatma: Milli Məclisin deputatı Səyyad Aran RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində "Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır? İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər, yeni ideyalarla çıxış edər. Cəmiyyətdə orta yaşayan da var, kasıb da var, bir az yaxşı yaşayan da var. Kimisi istedadı ilə irəli çıxır, mükafat alır. Hamı bunu edə bilmirsə, onda susub oturmalıdır” fikirlərini səsləndirib. Deputat bu sözlərinə görə sosial şəbəkələrdə ciddi tənqid hədəfinə tutulub.

 

Aytəkin Qardaşova

Tarix: 28 Mart 2026, 13:14   
Seçilən
45
1
pravda.az

2Mənbələr