AZ

74 min il əvvəl milyonlarla insan “cəhənnəmi” görübmüş: Toba fəlakəti

Təxminən 74 min il əvvəl Toba supervulkanının püskürməsi bəşəriyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. Alimlərin apardığı yeni araşdırmalar qədim insanların bu qlobal fəlakətdən necə sağ çıxdığını üzə çıxarıb. “Nature” jurnalında dərc olunan məqalədə qeyd olunur ki, həmin dövrdə dünya əhalisinin sayı kəskin azalaraq bir neçə min nəfərə düşüb.

NOCOMMENT.az xəbər verir ki, Efiopiyanın şimal-qərbində yerləşən Şinfa-Metema-1 məskənində aparılan qazıntılar zamanı maraqlı faktlar aşkarlanıb. Arxeoloqlar burada vulkanik şüşə zərrəcikləri ilə yanaşı daş alətlər və heyvan sümükləri tapıblar. Analizlər göstərir ki, güclü püskürmədən sonra iqlim xeyli qurulaşıb və çaylarda suyun səviyyəsi aşağı düşüb. Bu isə insanların qidalanma vərdişlərini kökündən dəyişməyə məcbur edib.

Fəlakətdən əvvəl əsasən antilop və meymun ovlayan insanlar sonradan balıqçılığa üstünlük verməyə başlayıblar. Tapılan sümüklər arasında balıq payının 14 faizdən 52 faizə qalxması bunu sübut edir. Quruyan çay yataqlarında qalan gölməçələr balıq tutmağı asanlaşdırıb. Həmçinin tapılan kiçik üçbucaqlı daş ucluqlar insanların ox və yaydan istifadə edərək daha çevik ovçuluğa keçdiyini göstərir.

Tədqiqatçılar hesab edir ki, insanların sağ qalması onların həm texnoloji bacarıqları, həm də davranış çevikliyi ilə bağlı olub. Su və qida azaldıqca qruplar çay yataqları boyu hərəkət edərək yeni resurslar axtarıblar. Bu tapıntılar sübut edir ki, bəşəriyyət ən ağır təbiət hadisələri zamanı belə strategiyasını sürətlə dəyişərək sağ qalmağı bacarıb./demokrat.az/

Seçilən
9
1
nocomment.az

2Mənbələr