AZ

Ermənilər 72 gün sonra bu QƏRARI verməsə...

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi üçün həlledici seçkilər ərəfəsində təzədən öz xalqına səslənib. O, “Qarabağ hərəkatını” bərpa etmək cəhdlərinin yeni müharibəyə gətirəcəyi haqda aydın xəbərdarlıq edib. Baş nazir Qarabağı tərk edərlərsə, ermənilərin bir daha geri qayıtmayacaqları barədə vaxtilə özünün elədiyi xəbərdarlığı da yada salıb və radikalları “xalqı soyqırımlarla yemləməməyə” çağırıb.

“Buna son qoyulmalıdır. Bölgəmizdə hər kəs bir-birini soyqırımında ittiham edir. Genosid haqda söhbət genosid haqda başqa və təzə bir söhbətə səbəb olur”, - Baş nazir qeyd edib...

Paşinyanın yuxarıdakı fikrini əslində, Bakı və Ankara ilə barışıq üçün öz soydaşlarını böyük sülhə hazırlamaq və yaxınlaşan seçkilər kontekstində qiymətləndimək lazım gəlir. Hərçənd, Xocalıda, digər yaşayış məntəqələrimizdə soydaşlarımıza qarşı törədilmiş gerçək soyqırımı aktlarından fərqli olaraq, ermənilərin uydurduğu məsələ əsla genosid deyil. Onları eyniləşdirmək absurd və şəhidlərin ruhuna hörmətsizlik olardı.

“Erməni soyqırımı” anlayışı nə vaxt, necə yaranıb, artıq məlum. Hətta ötən il bu barədə danışan Nikol Paşinyan qondarma məsələni erməniləri təsir altında saxlamaq və qonşularla, xüsusən də Türkiyə ilə ədavəti davam etdirmək üçün düşünülən vasitə kimi dəyərələndirmişdi. Eyni zamanda, o, “1.5 milyon” rəqəminə şübhə ilə yanaşaraq “ölənlərin” siyahısını tutmağı vacib bilmişdi. Bu da təsadüfi deyil ki, rəsmi İrəvan bu uydurma mövzunu daha özünün xarici siyasət prioritetlərindən hesab eləmir.

Məntiqlidir. Əgər sən qonşularla səmimi əlaqələr qurmaq, dinc-yanaşı yaşamaq istəyirsənsə, onda ən azından, onlara atdığın çoxsaylı böhtan və iftiralardan, əsassız torpaq iddialarından imtina etməlisən. Saxta “genosidi” gündəmdə saxlamaqla barışıq mümkünsüz. Bu yolla yalnız Türkə nifrəti körükləmək olar, hansı ki, məhz sülh əleyhdarlarının, özəlliklə radikal-revanşistlərin, erməni kilsəsi və lobbisinin, həmçinin Rusiyanın işinə yarayır...

Əlbəttə, on illərlə yalan və miflərlə manipulyasiya edilib “bəslənən” bir toplumun qısa zamanda xroniki mərəzdən qurtulması çox çətindir. Ancaq bu istiqamətdə heç nə eləməmək də çıxış yolu sayılmaz. Problem, həmçinin, ondadır ki, qonşu xalqlar arasında sülhə qənim kəsilən bu təhlükəli mövzunun unudulmaması və həmişə “təzə qalması”, Türkə nifrətin azalmaması üçün hələ də böyük pullar xərclənir, üstəlik, destruktiv qüvvələrə, “müharibə partiyası”na xaricdəki bəlli mərkəzlər tərəfindən siyasi-mənəvi dəstək verilir.

Bu mənada Paşinyanın missiyası tarixi olsa da, ağırdır. Amma insafən, o, nələrsə edir. O cümlədən əsrlərdir terror yuvası kimi tanınan, separatçılığın əsas mənəvi dayağı olan erməni kilsəsini, katolikosları zəiflətməyə və cəmiyyətin gözündən salmağa çalışır. Paralel surətdə konstitusiyadan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən istinadı çıxarmaq əzmindədir və bunu açıq deyir, ölkə boyu mifik “artsax”ın simvollarını yığışdırmaq üçün iradə nümayiş etdirir və s.

Bütün bu səylərin hansı nəticə verəcəyini 72 gün sonra – iyunun 7-də biləcəyik. Əsas suala isə referendum cavab verməlidir: bu xalq həqiqətənmi başına gələnlərdən dərs götürüb və bölgədə barışığa can atır, yoxsa qonşulara qarşı yeni fitnə-fəsad törətmək üçün, sadəcə, vaxt udmaq naminə blef edir?..

Dünən erməni Baş nazir bu xüsusda onu da deyib ki, əgər referendumda müsbət nəticə hasil olmazsa, hökumət cəmiyyətlə dialoqa və izahat işlərinə davam edəcək, ardınca təkrar referenduma gedəcək. Yəni, ta ki, erməni toplumu ağıllı qərar verənə, ağıllanana qədər. Bir şey qalmayıb. Baxaq görək, bizə iki əsr qabaq süni şəkildə “calaq edilən” nanəcib qonşu sonuncu fürsəti də qaçırmayacaq ki. Hərgah, bu da var ki, sağalmaq istəməyənə, özünə kömək eləməyənə heç kim kömək edə bilməz!..

Zahid SƏFƏROĞLU

Seçilən
9
1
musavat.com

2Mənbələr