AZ

İran rejiminin “boz kardinalı”: Əhməd Vahidi kimdir? (DOSYE)

Son bir ay ərzində ABŞ və İsrailin İranın yüksək rütbəli rəsmilərini hədəf alması fonunda Tehranın daxili iyerarxiyasında yeni və güclü bir liderin adı ön plana çıxmağa başlayıb.

Qərb siyasi dairələri və “The Telegraph” nəşrinin analitiklərinə görə, bu şəxs bir çoxlarının düşündüyü kimi parlament spikeri Məhəmməd Baqer Qalibaf deyil, SEPAH-ın yeni baş komandanı Əhməd Vahididir. Xameneyi ideologiyasına sadiqliyi ilə seçilən Vahidi, hazırda rejimin hərbi, kəşfiyyat və bürokratik strukturlarında misilsiz təsir imkanlarına malikdir.

KONKRET.az xəbər verir ki, Əhməd Vahidinin yüksəlişi 2005-ci ildə Mahmud Əhmədinejadın prezidentliyi dövründə başlayıb və o, dövlət bürokratiyasının milliləşdirilməsi və hərbiləşdirilməsinin əsas təşəbbüskarlarından biri olub. 2018-ci ildə Ali Milli Müdafiə Universitetinin rəhbəri təyin edilən Vahidi, mərhum Ali Rəhbər tərəfindən teokratik sistemin tam hərbiləşdirilməsi planını hazırlamaqla vəzifələndirilib. Ekspertlərin fikrincə, o, yeni Ali Rəhbər Müctəba Xameneyinin hakimiyyətini qoruyan və sistemin dağılmasının qarşısını alan əsas fiqurdur. Qalibafdan fərqli olaraq, Vahidinin daxili siyasi rəqibləri azdır və o, güc strukturlarında mütləq etibara sahibdir.

Analitiklər xəbərdarlıq edirlər ki, Müctəba Xameneyi və Əhməd Vahidi tandemi tərəfindən idarə olunan İran daha praqmatik deyil, əksinə, daha sərt və təhlükəli bir modelə – “İslamçı Şimali Koreya”ya çevrilə bilər. Məhz bu səbəbdən, beynəlxalq şərhçilər hazırkı hərbi kampaniyanın dayandırılmasının uzunmüddətli perspektivdə daha böyük təhdidlərə yol açacağını vurğulayırlar. Vahidinin rəhbərliyi altında rejimin daha da qapalısı və aqressivləşməsi ehtimalı bütün region üçün ciddi narahatlıq doğurur.

Natiq Səlim,
KONKRET.az

Seçilən
42
2
konkret.az

3Mənbələr