Qazax rayonunda “Mal bazarı” kimi tanınan heyvan bazarı bir müddətdir fəaliyyətini dayandırıb.
Bu barədə Bakıvaxtı.az-a müraciət edən sakinlər bildiriblər ki, bazar təmir adı ilə bağlanıb, lakin təmir işləri başa çatmasına baxmayaraq hələ də istifadəyə verilmir.
Şikayətçilərin sözlərinə görə, oxşar vəziyyət Tovuz rayonunda da yaşanır:
“Tovuzda fəaliyyət göstərən mal bazarı da bağlanıb. İnsanlar saxladıqları mal-qara, qoyun-quzunu satmaq üçün ya Gəncəyə, ya da Bərdəyə getməli olurlar. Bir baş heyvanın həmin bazarlara daşınması üçün 40-50 manat xərc tələb olunur. Bu da əhalinin sosial vəziyyətini daha da ağırlaşdırır. Qazax camaatı çıxılmaz vəziyyətdədir”.
Sakinlər həmçinin bildirirlər ki, hazırda alqı-satqı üçün sosial platformalardan istifadə etməyə məcbur qalıblar. Lakin onların fikrincə, bu üsul effektiv deyil:
“Bu, geyim deyil ki, şəkilə baxıb alasan. Mal-qaradır, insan öz gözləri ilə görməli, heyvanın vəziyyətini, dişlərini, arıq-kök olduğunu yoxlamalıdır”.
Çarəsiz qalan sakinlər ölkə başçısı İlham Əliyevə müraciət ediblər:
“Cənab Prezident, müzəffər liderimiz, sizi bu məsələyə müdaxilə etməyə çağırırıq. Bilmirik bu bazarı kim, hansı məqsədlə bağlı saxlayır. Ümidimiz Sizədir, bazarın açılması ilə bağlı göstəriş verməyinizi xahiş edirik”.
"Cebheinfo.az"