“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində martın 26-da Ağdam şəhərinə gəliblər. Heyətə 37 ölkədən 79 nəfər səyahətçi daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.
“Yeni Sabah” xəbər verir ki, beynəlxalq səyyahlar əvvəlcə Ağdam şəhər Cümə məscidi ilə tanışlıq olublar. Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşı onlara məscid haqqında məlumat verib. Bildirilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də digər tarixi-dini abidələr kimi vandalizmə məruz qalıb. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.
Xarici səyyahlar sonra Ağdam Çörək muzeyinin dağıntıları ilə də tanış olublar. Məlumat verilib ki, Çörək muzeyinin binası işğal dövründə ermənilər tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub. Dünyada ikinci hesab edilən bu muzeydə nadir eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən bəhs edən müxtəlif dəyərli nümunələr olub.
Səfər zamanı səyyahlar Ağdam şəhərinin dağıntılarına və yeni inşa olunan yaşayış binalarına da baxıblar. Onlara Ağdam işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib.
Qeyd edək ki, dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir. Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.
Telegram kanalımız