AZ

Böyük saziş uzaqdadır: Pakistan yalnız gərginliyi azaltmağa çalışır Yücel Karauz

ain.az bildirir, Sherg.az portalına istinadən.

ABŞ–İran qarşıdurmasında Pakistanın rolu düşündüyünüz qədər güclü deyil

Pakistan regionda və onun hüdudlarından kənarda sülh və sabitlik naminə Yaxın Şərqdəki müharibəni dayandırmaq üçün dialoqun aparılmasına yönəlmiş səyləri alqışlayır və tam dəstəkləyir. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

O, Pakistanın danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib:

“ABŞ və İranın razılığı olduğu təqdirdə, Pakistan davam edən münaqişənin hərtərəfli həllinə nail olmaq üçün mənalı və yekun danışıqların keçirilməsinə ev sahibliyi etməyə hazırdır və bundan şərəf duyar”.

Pakistanın vasitəçilik təşəbbüsünü şərh edən Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bildirib ki,  Pakistanın ABŞ və İran arasında gərginliyi azaltmaq istiqamətindəki diplomatik təşəbbüsləri regionun gələcək konfiqurasiyası baxımından maraq doğurur. Lakin bu prosesin real geosiyasi nəticələrini və ya sadəcə "siyasi jest" xarakteri daşıdığını müəyyən etmək üçün məsələni üç fundamental səviyyədə təhlil etmək zəruridir:

"Pakistanın real təsir gücünə nəzər salsaq, İslamabadın hər iki tərəflə işlək kommunikasiya kanallarına malik olduğunu görərik. Pakistan İranla qonşuluq, sərhəd təhlükəsizliyi və enerji sahəsində əlaqələrini qoruyur, eyni zamanda ABŞ ilə hərbi və strateji tərəfdaşlığını tam qoparmayıb. Bu, Pakistana müəyyən bir "neytral platforma" imici qazandırır. Lakin Pakistan qlobal bir güc mərkəzi olmadığı üçün Vaşinqtonun sanksiya qərarlarına və ya Tehranın nüvə doktrinasına birbaşa təsir edəcək iqtisadi rıçaqlara sahib deyil. Bu baxımdan Pakistan dialoq üçün kanal aça bilsə də, prosesin gedişatını təkbaşına dəyişmək iqtidarında deyil.

​İkinci məqam mövcud geosiyasi reallıqlarla bağlıdır. ABŞ-İran münasibətləri hazırda dərin etimadsızlıq dövrünü yaşayır. 2015-ci il nüvə sazişinin süqutundan sonra tərəflər arasında diplomatik körpülər böyük ölçüdə dağılıb. Bundan əlavə, münaqişə artıq sadəcə iki dövlət arasında deyil, regional müharibə və proksi toqquşmalar səviyyəsindədir. İsrail faktoru, Yaxın Şərqdəki silahlı qruplaşmaların fəaliyyəti və qlobal bloklaşma fonunda İranın Rusiya və Çinlə yaxınlaşması bu problemi daha da mürəkkəbləşdirir. Belə bir mühitdə vasitəçilik yalnız girov mübadiləsi və ya gərginliyin eskalasiyasını yavaşlatmaq kimi texniki sahələrdə mümkün görünür".

Y.Karauz qeyd edib ki, Pakistanın bu addımı bir tərəfdən real sülh cəhdi olsa da, digər tərəfdən strateji bir "siyasi jest" xarakteri daşıyır:

"İslamabad bu vasitəçiliklə özünü regional lider kimi təqdim edir və İslam dünyasındakı diplomatik nüfuzunu artırmağa çalışır. Eyni zamanda, Pakistan mümkün bir böyük müharibənin öz iqtisadiyyatına və təhlükəsizliyinə vura biləcəyi zərbələri qabaqlamaq üçün "risk idarəetməsi" həyata keçirir. Pakistanın təşəbbüsü təkbaşına strateji bir dönüş yaratmaq gücündə deyil. Böyük bir sazişin əldə olunma ehtimalı aşağı olsa da, gərginliyin müəyyən dərəcədə azaldılması və kiçik paket razılaşmaların əldə edilməsi real nəticələr kimi görünür. Pakistan bu prosesdə mərkəzi aktor deyil, daha çox məlumat ötürən və tərəfləri masa arxasına çəkməyə çalışan orta səviyyəli diplomatik oyunçudur. Real dönüş isə ya tərəflərin birbaşa qərarı, ya da Çin kimi daha böyük iqtisadi təsir gücü olan dövlətlərin iştirakı ilə baş tuta bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
sherg.az

1Mənbələr