AZ

Donald Trampın reytinqi 36 faizə düşüb

ABŞ Prezidenti Donald Trampın xidməti fəaliyyətinə olan ictimai dəstək, İsrail ilə birlikdə İrana qarşı başlatdıqları müharibə və yüksələn yanacaq qiymətlərinin təsiri ilə azalmağa davam edir.

"Cebheinfo.az" xəbər verir ki, "Reuters/Ipsos" tərəfindən aparılan sorğuya görə, Trampın fəaliyyətinin bəyənilmə nisbəti 36 faizə düşərək ikinci prezidentlik dövründəki ən aşağı səviyyəsinə enib.

Dörd gün davam edən və 23 martda yekunlaşan sorğuda Trampa olan dəstəyin əvvəlki həftə ilə müqayisədə 4 faiz azalaraq 40 faizdən 36 faizə gerilədiyi görülüb.

Sorğunun nəticələri xüsusilə iqtisadi şəraitin və İrana qarşı hərbi əməliyyatların ictimaiyyət tərəfindən mənfi qarşılandığını ortaya qoyub. 

İştirakçıların yalnız 25 faizi Trampın bahalıqla mübarizəsini bəyəndiyi halda, iqtisadi idarəetməyə dəstək verənlərin nisbəti 29 faizdə qalıb.

Bu göstərici Trampın prezidentlik dövrləri ərzində qeydə alınan ən aşağı iqtisadi dəstək səviyyələrindən biri hesab olunur.

İran müharibəsi də ictimaiyyətdəki narazılığın mühüm səbəbi kimi önə çıxıb. Sorğuya görə, amerikalıların yalnız 35 faizi ABŞ-nin İrana qarşı hücumlarını dəstəklədiyi halda, 61 faizi bu hücumların əleyhinə olduğunu bildirib. Keçən həftə bu göstərici 59 faiz idi.

Müharibənin enerji bazarlarına təsiri ilə birlikdə ABŞ-də benzin qiymətlərinin sürətlə yüksəlməsi seçicilərin iqtisadi qayğılarını artırıb.

Bu vəziyyət Trampın seçki kampaniyasında qabartdığı iqtisadi dirçəliş vədlərinin sorğulanmasına yol açıb.Buna baxmayaraq, Respublikaçı seçicilər arasında Trampa dəstək böyük ölçüdə davam etsə də, bahalıqdan qaynaqlanan narazılığın bu kəsimdə də artmağa başladığı diqqət çəkib.

Sorğu göstərir ki, müharibə və iqtisadi təzyiqlər Trampın ictimai dəstəyində ciddi aşınma yaradıb.Qeyd edək ki, ABŞ-də noyabr ayında aralıq seçkilər keçiriləcək.

Seçilən
25
cebheinfo.az

1Mənbələr