AZ

ABŞ-nin “qamçı və kökə” taktikası – SEPAH “kökəni” götürməsə...

İran böhranının diplomatik həlli ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Lakin ciddi mənbələrə inansaq, müharibə fonunda tərəflər arasında qardaş Pakistanın vasitəçiliyi ilə danışıqlar da gedir. Belə görünür ki, diplomatiya qapısı tam qapanmayıb. Yetər ki, o tam bağlanmasın.

Dünyanın supergücü kimi ABŞ-nin İrana, daha doğrusu, onun hazırkı gerçək iqtidarı SEPAH-a 15 bəndlik sülh planı təqdim edildiyi bildirilir. Bəndələr aşağı-yuxarı bəllidir. Plana əsasən, İran rejiminə babat “kökə” də vəd olunur.

Məsələn, nüvə silahı və uzaq mənzilli raketlərin istehsalından, həmçinin proksi qüvvələrə dəstəkdən zəmanətli imtinanın qarşılığında 47 illik sanksiyaların götürülməsi...

SEPAH:

Son məlumatlara görə, İran tərəfi (SEPAH) bundan imtina edib və qəti “qələbəyədək” gedəcəyini bildirib. Eyni zamanda, ABŞ-yə öz şərtlərini irəli sürüb. Onlar da təxminən məlum: dağıntılara görə zəmanət ödənilməsi (bərpa üçün gerçəkdən də qonşu ölkəyə on milyardlar tələb olunacaq), İrana bir daha hücum edilməyəcəyi haqda Birləşmiş Ştatların qarantiyalı öhdəliyi, region ölkələrində ABŞ hərbi bazalarının bağlanması və Tehranın nüvə proqramının onun daxili işi olmasının qəbul edilməsi. Hansı proqram ki, bir ilin içində iki müharibəyə gətirib və indiki müharibə əvvəlkindən qat-qat amansız xarakter daşımaqla yanaşı, daha da uzana bilər.

Yəni faktiki Donald Tramp administrasiyasına alçaldıcı kapitulyasiya təklif edilir. Aydındır ki, dünyanın 1 nömrəli dövləti buna getməz. Daha iki səbəbə: şərtlərin qəbulu ABŞ tərəfindən özünün işğalçı olduğunun rəsmən etirafı və İranın dikəsi ilə müharibədən çıxmaq anlamına gələrdi.

Təəssüf ki, İranı yönəldənlər də eyni şəkildə - Vaşinqtonun planı (şərtləri) əsasında müharibəni dayandırmaq istəmirlər. Hansı tərəfin əsəbləri buna maksimum dözəcək, yaxın günlərdə yəqin ki, dəqiqləşəcək. Hər halda, Trampın SEPAH-a verdiyi 5 günlük möhlətin, yaxud fasilənin 3 günü artıq arxada qalıb.

Böyük ehtimalla, bu günlərdə “qızıl orta” tapılmazsa, Ağ Evin vəd elədiyi daha dəhşətli hücum planı işə düşəcək. Hər necə olmasa, bu müharibə ABŞ üçün hər şeydən öncə reputasiya məsələsi...

Şübhəsiz, bunu Tehranda da bilirlər. Odur ki, “top” əslimdə, sonuncunun meydanındadır. İrandakı hakimiyyət, konkret olaraq, SEPAH öz əhalisinin təhlükəsizliyi və gələcəyi naminə “diplomatiyada hər şeyi elədik, ayrı çarə qalmadı” bəhanəsini Trampa verməyə də bilərlər.

Hələ ki, bunun əlamətləri görünmür. Əksinə, “biz batacağıqsa, hamı batsın” məntiqini rəhbər tutmağa davam edirlər. Amma dünya İrandan böyükdür. Yəni ki, heç də hamı batmayacaq, bir yolunu tapacaqlar. Doğru, qlobal iqtisadiyyat, region dövlətləri zərbə alacaq. Ancaq bu, İranın tuş gələcəyi fəlakətlə müqayisədə çox kiçik olacaq.

Fikrimizcə, zamanın ən çox kimin ziyanına işlədiyi gərək ki, qaranlıq deyil...

Z.SƏFƏROĞLU

Seçilən
29
50
musavat.com

10Mənbələr