AZ

Zakir Fərəcov xeyir-şər evlərinin istifadəsinə qadağa qoyub? – İcra Hakimiyyəti bu məlumatı təkzib etdi

Sumqayıtda məhəllələrdə tikilən xeyir-şər evlərinin istifadəsinə icazə verilmir.
Bu barədə Tiraj.az-a yerli sakinlər bildirib. Onların sözlərinə görə, bir müddətdir ki, bir çox məhəllədə xeyir-şər evlərinin qaz, işıq və su sayğaclarına möhür vurulub.
Sakinlərin iddiasına görə, onlara xeyir-şər evlərində hər hansı mərasimin keçirilməsinin yasaq olduğu bildirilib.
“İndi ancaq domino, nərd oynayırıq. Artıq bir müddətdir ki, xeyir-şər evlərindən təyinatı üzrə istifadə edə bilmirik”, deyə sakinlər bildirib.
Sakinlər iddia edib ki, qadağa şəhər rəhbərliyi tərəfindən qoyulub.
Tiraj.az-ın məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən mövqe öyrənməyi mümkün olmayıb. Bayram günləri olduğundan qurumun telefonları susub.
Vətəninfo.az bu məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, son günlər bəzi informasiya resurslarında Sumqayıt şəhərində fəaliyyət göstərən xeyir-şər evlərinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Bildiririk ki, bu istiqamətdə hər hansı tapşırıq Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilməmişdir.
Məlumat üçün qeyd edək ki, şəhər ərazisində yerləşən xeyir-şər evlərində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı ilə bağlı texniki yenilənmə işləri aparılmışdır. Bu çərçivədə qaz sayğacları yenilənmiş, yeni müqavilələrin bağlanması prosesi həyata keçirilmişdir. Aparılan işlərlə əlaqədar olaraq qaz təchizatında müvəqqəti fasilə yaranmışdır.
Lakin hazırda hər hansı xeyir-şər evinin fəaliyyətinin dayandırılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sakinlərin müraciəti daxil olmamışdır. Belə müraciətlər daxil olarsa, məsələ aidiyyəti qurumlarla birgə araşdırılaraq aydınlıq gətiriləcəkdir.
Bir daha diqqətə çatdırırıq ki, yayılan məlumatlar əsassızdır.”- deyə açıqlamada bildirilib.

Seçilən
11
11
veteninfo.az

10Mənbələr