Ermənistanda dövlət mükafatlarının geri alınması və sosial imtiyazların mərhələli ləğvi planlaşdırılır...
Poliqon xəbər verir ki, bu barədə Türkiyə mətbuatına istinadən məlumat yayılıb. Bildirilir ki, Ermənistan hakimiyyəti Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş şəxslərə verilmiş bütün dövlət mükafatlarının və medalların geri alınmasını nəzərdə tutan qərar hazırlayır.
Məlumata görə, söhbət işğal dövründə Azərbaycana qarşı aparılmış hərbi əməliyyatlarda iştirak etmiş şəxslərə təqdim olunan orden və medalların tam şəkildə geri alınmasından gedir. Eyni zamanda, bu kateqoriyaya aid vətəndaşlar üçün nəzərdə tutulan sosial təminat sistemində də ciddi dəyişikliklər planlaşdırılır.
Qeyd olunur ki, Ermənistan hakimiyyəti veteranlar üçün mövcud olan sosial imtiyazların və ödənişlərin mərhələli şəkildə azaldılmasını nəzərdə tutur. Planlara əsasən, 2027-ci ilin yanvar ayına qədər bu kateqoriyaya verilən bütün xüsusi güzəştlərin və müavinətlərin tamamilə ləğv edilməsi hədəflənir.
Bu addımlar Paşinyanın son illərdə həyata keçirdiyi siyasi kursun tərkib hissəsi kimi qiymətləndirilir. Ermənistanın müstəqillik haqqında bəyannaməsinin 35 illiyinə həsr olunmuş çıxışında o, Qarabağla bağlı iddiaları “sovet modelindən qaynaqlanan vətənpərvərlik yanaşması” kimi dəyərləndirib və ölkənin real müstəqilliyə yalnız Azərbaycanla münasibətlərin normallaşmasından sonra nail olduğunu bildirib.
Paşinyan son dövrlərdə Ermənistan dövlətçiliyinin əvvəlki ideoloji əsaslarından uzaqlaşmaq xətti yürüdür. O, parlamentdəki çıxışlarında “Qarabağ hərəkatı”nın başa çatdırılmasının vacibliyini vurğulayaraq, bu prosesi Azərbaycanla sülhün əldə olunmasına mane olan əsas faktor kimi təqdim edib. Baş nazirin fikrincə, bu hərəkatın davam etməsi Ermənistanın dövlət kimi gələcəyi üçün ciddi risklər yaradır.
Bununla yanaşı, yeni siyasət ölkə daxilində, xüsusilə hərbi dairələr arasında narazılıq doğurur. Son günlərdə Paşinyanın İrəvan metrosunda Qarabağdan olan bir köçkün qadınla yaşadığı mübahisə geniş rezonans doğurub. Baş nazir özü də etiraf edib ki, Qarabağ mövzusu onun üçün emosional baxımdan həssas olaraq qalır.
Erməni KİV-lərinin məlumatına görə, mükafatların geri alınması və sosial təminatın ləğvi ilə bağlı planlar veteranlar arasında ciddi narazılıq yarada bilər. Artıq bir sıra keçmiş hərbçilər Paşinyanın açıqlamalarının onların mübarizəsinin mənasını dəyərsizləşdirdiyini bildirir və bu siyasətin cəmiyyətdə parçalanmanı daha da dərinləşdirəcəyini vurğulayırlar.
Poliqon.info