İngiltərənin “Tottenhem” futbol klubu yeni baş məşqçi axtarışlarını davam etdirir. Hazırda ABŞ millisini çalışdıran Maurisio Poçettinonun sabiq komandasına qayıtmaq ehtimalı getdikcə artır.
İdman.Biz “L'Equipe” nəşrinə istinadla xəbər verir ki, mütəxəssis İngiltərə futbolu üçün darıxdığını etiraf edib.
“O ölkəni, mədəniyyətini, xüsusən də futbol mədəniyyətini sevirəm. Rəqabət ruhu olan və özünü sınamaq istəyən hər kəs üçün ideal yerdir. Orada daim ən yaxşısını verməlisən”, - deyə Poçettino söyləyib.
“The Telegraph” nəşrinin məlumatına görə, London təmsilçisi mövsümün sonunda müvəqqəti baş məşqçi İqor Tudorla yollarını ayıracaq. “Vest Hem”in “Aston Villa”ya məğlubiyyəti “Tottenhem”in liqada qalmaq ümidlərini artırsa da, komandanın son matçda üzləşdiyi məğlubiyyət rəhbərliyi qane etmir. İdman direktoru Yohan Lange və baş direktor Vinay Venkatesham yeni mütəxəssis axtarışlarındadır. Namizədlər arasında Maurisio Poçettino ilə yanaşı, Roberto De Zerbi də yer alır.
Sabiq “Tottenhem”, “Çelsi” və PSJ baş məşqçisinin ABŞ millisi ilə müqaviləsi bu yay keçiriləcək Dünya Çempionatından sonra başa çatır.