AZ

Mixeil Kavelaşvili gürcü pravoslav xristianlarına göstərdiyi həmrəyliyə görə müsəlman icmasına təşəkkür edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkənin müsəlman vətəndaşlarını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, Prezident öz bəyanatında, həmçinin II İlyanın vəfatı ilə əlaqədar yas tutan gürcü pravoslav xristianlarına göstərilən həmrəyliyə görə müsəlman icmasına təşəkkürünü bildirib.

“Ramazan və Novruz bayramları münasibətilə müsəlman həmvətənlərimizi təbrik edirəm. Katolikos-Patriarx II İlyanın vəfatı münasibətilə yas tutan gürcü pravoslav xristianlarına göstərdiyiniz böyük dəstəyə görə sizə səmimi qəlbdən təşəkkür edirəm”, – deyə dövlət başçısı qeyd edib.

Kavelaşvili vurğulayıb ki, müsəlman vətəndaşların bu həssas dönəmdə bayram tədbirlərindən imtina etməsi ölkədə yaşayan müxtəlif dini icmalar arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı hörmətin bariz nümunəsidir.

Prezident sonda bir daha müsəlman icmasını təbrik edərək onlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb, son günlər nümayiş etdirilən həmrəylik nümunəsinə görə minnətdarlığını ifadə edib.

 

Seçilən
21
2
ikisahil.az

3Mənbələr