AZ

Gürcüstan Baş naziri azərbaycanlılara təşəkkür etdi

BAKI, 24 mart. TELEQRAF

“Müsəlman həmvətənlərimizi bir qədər gec olsa da, səmimi qəlbdən Ramazan və baharın gəlişi münasibətilə qeyd olunan Novruz bayramı münasibətilə təbrik edirik”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Bu il bu bayramlar ölkəmiz üçün çox ağır dövrə - bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın vəfatı və milli matəm günlərinə təsadüf etdi. Müsəlman icmasına səmimi başsağlığı, ümumi kədərimizi paylaşdıqları və bu günlərdə bayram tədbirlərini ləğv etdikləri üçün xüsusi minnətdarlığımızı bildiririk. Bu qardaş dəstəyini heç vaxt unutmayacağıq.

Məhz çətin və sevincli günlərdə birlikdə olmaq, birliyimizin dayandığı möhkəm təməldir. Əcdadlarımız əsrlər boyu çiyin-çiyinə Gürcüstanın tarixini yaradıblar və biz - bugünkü nəsillər də onun daha yaxşı gələcəyini birlikdə qururuq.

Müqəddəs patriarx hər zaman müsəlman icmasına xüsusi hörmət və qardaş sevgisi ilə yanaşırdı. O, qarşılıqlı hörmət, dinc birgəyaşayış və tolerantlığın canlı nümunəsi idi. Bizim əsas vəzifəmiz məhz bu böyük irsi davam etdirməkdir. Bir daha bu böyük bayramlar münasibətilə sizi təbrik edirik. Ailələrinizə sülh, sağlamlıq və bərəkət arzulayırıq”, - baş nazir qeyd edib.

Xatırladaq ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar (Borçalı - red.) II İliyanın vəfatı ilə əlaqədar bayram tədbirlərini təxirə salmışdılar.

Seçilən
56
1
teleqraf.com

2Mənbələr