AZ

Azərbaycan idmanında rusiyalı məşqçi köçü: Bir ildə beş ayrılıq - FOTO

Azərbaycan idmanında son bir il ərzində rusiyalı mütəxəssislərin kütləvi gedişi müşahidə olunur. Ötən ilin may ayından etibarən həm milli yığmalarda, həm də klublarda çalışan rusiyalı beş məşqçi postu ilə vidalaşıb.

İdman.Biz xəbər verir ki, bu tendensiyanın sonuncu nümunəsi ağır atletika üzrə Azərbaycanın kişi yığmasında baş məşqçi dəyişikliyi olub. Bir neçə gün əvvəl Maxti Makkayevin komandadan ayrıldığı və onu Sərdar Həsənovun əvəzlədiyi məlum olub.

Analoji hal 2026-cı ilin əvvəlində güləşdə də yaşanıb. Yanvarda yunan-Roma güləşi üzrə Azərbaycan yığması baş məşqçi Aleksandr Tarakanovla yollarını qarşılıqlı razılıq əsasında ayırıb. Tarakanovun yerinə komandaya tanınmış iranlı mütəxəssis Məhəmməd Bana gətirilib.

Bundan əvvəl oxşar dəyişikliklər Azərbaycan futbolunda da baş verib. 2025-ci ilin yayında “Sabah” komandasını Azərbaycan Kubokunun qalibi etmiş baş məşqçi Vasili Berezutski klubu tərk edib. Artıq sentyabrda klub onun qərargahında yer alan qapıçılar üzrə məşqçi Aleksey Antonyukla da vidalaşıb.

Siyahını basketbol tamamlayır. “Sumqayıt” klubunda rusiyalı mütəxəssis Aleksandr Mixaylov 2024-cü ilin dekabrında baş məşqçi postundan uzaqlaşdırılıb. O, bir müddət klubun strukturunda qalsa da, 2025-ci il mayın 1-də tərəflər əməkdaşlığı tamamilə dayandırıblar.

Beləliklə, kifayət qədər qısa müddət ərzində Azərbaycan idmanını beş rusiyalı məşqçi tərk edib ki, onlardan ikisi bu addımı artıq 2026-cı ilin əvvəlində atıb.

Buna baxmayaraq, bir sıra istiqamətlərdə rusiyalı mütəxəssislər fəaliyyətlərini davam etdirirlər. Hazırda futzal üzrə Azərbaycan yığmasına Yevgeni Kukseviç rəhbərlik edir. “Turan Tovuz” futbol klubunun baş məşqçisi postunda isə artıq ikinci mövsümdür ki, rusiyalı-türkmənistanlı mütəxəssis Qurban Berdiyev çalışır.

Bundan əlavə, suya tullanma üzrə Azərbaycan yığmasına daha bir rusiyalı mütəxəssis Anton Melnikov rəhbərlik etməkdədir.

İdman.Biz
Seçilən
73
idman.biz

1Mənbələr