AZ

ABŞ İranla mümkün sülh danışıqlarına hazırlıq müzakirələrinə başlayıb

BAKI, 22 mart. TELEQRAF

ABŞ administrasiyasında İranla mümkün sülh danışıqlarının keçirilməsinə hazırlıq məsələsi müzakirə olunmağa başlanıb və Vaşinqton belə razılaşmaların bir sıra şərtləri əhatə etməli olduğunu hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, müharibənin başlamasından üç həftə sonra ABŞ Prezidenti Donald Trampın administrasiyası növbəti mərhələni və İranla sülh danışıqlarının necə görünə biləcəyini ilkin şəkildə müzakirə etməyə başlayıb. Mənbələrin sözlərinə görə, Vaşinqtonda döyüş əməliyyatlarının daha iki və ya üç həftə davam edə biləcəyi ehtimal olunur. Bununla yanaşı, prezidentin müşavirləri artıq diplomatik fəaliyyətə hazırlıq görmək istəyirlər.

Portalın yazdığına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner potensial diplomatik addımlarla bağlı müzakirələrdə iştirak edirlər. Bildirilir ki, son günlər ABŞ və İran arasında birbaşa təmaslar olmayıb, lakin Misir, Qətər və Birləşmiş Krallıq tərəflər arasında mesajların ötürülməsində vasitəçi rolunu oynayıb.

Mənbələrin məlumatına görə, Misir və Qətər ABŞ və İsrailə İranın danışıqlarda maraqlı olduğunu, lakin çox sərt şərtlər irəli sürdüyünü bildiriblər. İranın tələblərinə atəşkəs elan edilməsi, müharibənin gələcəkdə yenidən başlamayacağına zəmanət və kompensasiya məsələsi daxildir.

"Axios" qeyd edir ki, ABŞ-nin baxışına görə, müharibənin dayandırılması ilə bağlı razılaşmaların əsas şərtləri arasında Hörmüz boğazının açılması, Tehranın beş il ərzində raket proqramını inkişaf etdirməmək öhdəliyi götürməsi, uranın zənginləşdirilməsini dayandırması, eləcə də Natanz, İsfahan və Fordo obyektlərindəki nüvə reaktorlarının istismardan çıxarılması yer almalıdır.

Bundan əlavə, Vaşinqton İranın nüvə silahı proqramında istifadə oluna biləcək sentrifuqaların və müvafiq avadanlıqların yaradılması və istifadəsinə nəzarətin təmin edilməsini istəyir. ABŞ həmçinin region ölkələri arasında silahlara nəzarət üzrə razılaşmaların əldə olunmasına, raketlərin sayının min ədəddən çox olmaması ilə bağlı məhdudiyyətlərin tətbiqinə çalışır.

Vaşinqtonun planlarına görə, İran Livanda fəaliyyət göstərən şiə təşkilatı “Hizbullah”, Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı və Qəzza sektorunda HƏMAS-a dəstəyini də dayandırmalıdır.

Seçilən
42
18
teleqraf.com

10Mənbələr