AZ

Burada gülüşlər saxta deyil: Səmimiyyətin ünvanından reportaj FOTO VİDEO

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bəzi məkanlar var, orada bizi yalnız səmimiyyət qarşılayır. Yəni səs var, amma yorucu deyil, hərəkət var, amma xaotik deyil. Ən əsası isə burada emosiyalar gizlədilmir. Söhbət gülüşlərin saxta olmadığı bir mühitdən gedir.

Oxu.Az olaraq bu dəfə "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkdik.

Qapıdan içəri daxil olan kimi ilk diqqətimizi çəkən nüans uşaqların enerjisi oldu. Kimisi rəsm çəkir, kimisi musiqi ilə məşğul olur, kimisi isə rəqs edir. Onların hər birinin öz dünyası olsa da, bu dünyaları birləşdirən ortaq cəhət var: səmimiyyət və sevinc.

Burada gülüşlər saxta deyil: Səmimiyyətin ünvanından reportaj - FOTO - VİDEO

Bu mərkəz 2013-cü il oktyabrın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə istifadəyə verilib və açılışında ölkənin Birinci xanımı Mehriban Əliyeva şəxsən iştirak edib. Ümumi sahəsi təxminən 7 300 kvadratmetr olan bu kompleks təkcə reabilitasiya mərkəzi deyil, burada uşaqlar üçün tam bir inkişaf mühiti qurulub.

Mərkəzdə 5 yaşdan yuxarı şəxslər üçün ikinövbəli fəaliyyət təşkil olunur. 5-10 yaş arası uşaqlar birinci, 10 yaşdan yuxarı olanlar isə ikinci növbədə təlim keçilir. Gün ərzində onların fəaliyyəti xüsusi hazırlanmış proqram əsasında qurulur.

Reabilitasiyaya qəbul prosesi də mərhələli şəkildə həyata keçirilir. Uşaqlar mərkəzə rəsmi sənədləşmə əsasında qəbul olunur, əvvəlcə pediatr müayinəsindən keçirilir, daha sonra psixoloji diaqnostika aparılır. Bu qiymətləndirmələr əsasında hər bir uşağın fərdi inkişaf planı müəyyənləşdirilir və onların dərslərdə iştirakı məhz bu yanaşma ilə təmin olunur. Günün sonunda isə uşaqlar yemək fasiləsindən sonra valideynlərinə təhvil verilir.

Mərkəzdə, demək olar ki, hər detal düşünülüb. Pediatr, stomatoloq, psixoloq və loqoped xidmətləri ilə yanaşı, uşaqlara rəsm, rəqs, heykəltaraşlıq, tikiş, əmək, idman və musiqi dərsləri də öyrədilir. Burada, həmçinin müxtəlif ixtisaslaşmış otaqlar fəaliyyət göstərir. Məsələn, loqoped və psixologiya kabinetləri, kompüter və tədris otaqları, məktəbəqədər hazırlıq bölməsi, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları, eləcə də rəsm, tikiş, xalçaçılıq və heykəltaraşlıq emalatxanalarını qeyd edə bilərik.

Bütün bu təlimləri keçməkdə məqsəd isə yalnız reabilitasiya yox, uşağın hərtərəfli inkişafıdır. Görünən odur ki, bu qurumun əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası ilə yanaşı, onların cəmiyyətə tam inteqrasiyasını təmin etməkdir. Mərkəzdə daun sindromlu uşaqlar və yeniyetmələrlə aparılan işlər konkret istiqamətlər üzrə qurulub: ünsiyyət bacarıqlarının formalaşdırılması, özünəxidmət vərdişlərinin inkişafı, sadə əmək fəaliyyətlərinə uyğunlaşma və sosial mühitə adaptasiya.

Mərkəzdə uşaqların fəaliyyəti daim izlənilir, onların hansı sahədə daha uğurlu ola biləcəyi müəyyənləşdirilir və inkişafları məhz həmin istiqamətdə dəstəklənir. Motorik bacarıqların inkişafı üçün xüsusi sosial-psixoloji xidmətlər həyata keçirilir. Burada əsas ideya sadə, amma dərin məna daşıyır: onları qorumaq yox, həyata hazırlamaq lazımdır.

Mərkəzin direktoru Natella Həsənovanın rəhbərliyi ilə formalaşan kollektiv uşaqlarla fərdi yanaşma əsasında işləyir. Hər bir uşağın xüsusiyyəti nəzərə alınır, inkişafı mərhələli şəkildə izlənilir.

Psixoloq Fərqanə Nağıyevanın sözlərinə görə, burada tətbiq olunan terapiya üsulları uşaqların daxili dünyasına birbaşa təsir edir:

"Sensor terapiya, musiqi terapiyası, qum terapiyası kimi metodlar uşaqlarda qorxu və həyəcan hissini azaldır, onların özünə inamını artırır, sosial davranışları formalaşdırır və cəmiyyətə adaptasiya prosesini sürətləndirir".

Mərkəzdə olduğumuz müddətdə bir məqam xüsusilə diqqətimizi çəkdi. Burada uşaqların davranışları tam təbiidir. Onlar hisslərini gizlətmir, sevinc hissini, maraqlarını açıq şəkildə ifadə edirlər. Kimisi rənglərlə danışır, kimisi musiqi ilə, kimisi isə sadəcə bir baxışla…

Daun sindromlu uşaqların əksəriyyəti yüksək pozitiv enerji ilə seçilir. Onların bu enerjisi və istedadı xüsusilə rəqs, musiqi və idman sahəsində keçirilən tədbir və yarışlarda qazandıqları uğurlarda aydın şəkildə görünür. Burada uşaqlar yalnız təlim keçmir, həm də özlərini ifadə etməyi bacarırlar. Uşaqlar müxtəlif tədbirlərdə, sərgilərdə və yarışlarda iştirak edir, bacarıqlarını nümayiş etdirərək uğurlar qazanırlar. Bu isə onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır.

Mərkəz qapalı bir məkan deyil. Əksinə, daim cəmiyyətlə əlaqədədir. Buraya tez-tez yerli və xarici qonaqlar gəlir, könüllülər və tələbələr uşaqlarla vaxt keçirirlər. Bundan əlavə, müxtəlif maarifləndirici tədbirlər, yürüşlər və ictimai aksiyalar təşkil olunur. Bu təşəbbüslərin əsas mesajı isə aydındır: "Biz də hamı kimiyik".

Mərkəzdə onlarla, hətta yüzlərlə uşaq qeydiyyatdadır. Onların hər birinin xüsusi hekayəsi var. Burada çalışan pedaqoqlar, psixoloqlar, loqopedlər hər bir uşağa fərdi yanaşırlar. Mərkəzin fəaliyyət istiqaməti yalnız uşaqlarla kifayətlənmir. Valideynlər də diqqətdən kənarda qalmırlar. Onlar üçün mütəmadi olaraq seminarlar və maarifləndirici görüşlər təşkil olunur. Məqsəd təkcə uşağı deyil, ailəni də bu prosesə hazırlamaqdır. Çünki bu yol yalnız uşağın yox, bütün ailənin həyatını dəyişir.

Bundan əlavə, uşaqlar dövlət tərəfindən də daim diqqət mərkəzində saxlanılır. Hər il onlar üçün ekskursiyalar təşkil olunur, valideynləri ilə birlikdə sanatoriyalara göndərilirlər. Bu müddətdə həm istirahət edir, həm də müalicə alırlar.

Mərkəzdən ayrılarkən bu fikir bizim üçün daha da aydınlaşdı: Onlar fərqli deyillər, sadəcə, bizdən fərqli olaraq dünyaya daha saf və daha səmimi baxırlar.

Daha çox foto burada: PhotoStock.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
129
oxu.az

1Mənbələr