AZ

Dövlət qulluğunda yeni era

Ölkəmizdə mütəmadi olaraq  həyata keçirilən  kompleks islahatlar  artıq bütün sahələri əhatə edib.  Bu islahatlar sayəsində  idarəetmə daha çevik, yığcam və məqsədyönlü olub. Son illər həyata keçirilən islahatlar Azərbaycanı dünya birliyində islahatçı ölkə kimi tanıdıb. İslahatlar, eyni zamanda,  davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı da təmin edib. Təbii ki, bunun əsas səbəblərindən biri də həyata keçirilən uğurlu islahatlardır.

Ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulduğundan idarəetmədə struktur da müasir tələblərə cavab verməli, daim yenilənməli, daha çevik, daha yığcam, daha məqsədyönlü yeni idarəetmə strukturunun yaranması zərurəti meydana çıxır. 

Struktur islahatlarının prioritetlərindən biri də dövlət idarəetməsinin iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırılmasıdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar idarəetmə və iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsipləri tənzimləyir. Prezident İlham Əliyevin  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalaması idarəetmədə yeni islahatların növbəti mərhələsi kimi dəyərləndirilməlidir.  Xatırladım ki, Azərbaycan Respublikasında dövlət idarəçiliyinin hüquqi əsaslarını təşkil edən əsas sənədlərdən biri də “Dövlət Qulluğu haqqında” Qanundur. Bu qanun dövlət orqanlarında xidmət edən əməkdaşların hüquqi statusunu, vəzifə və öhdəliklərini, peşəkar fəaliyyət prinsiplərini və dövlətin kadr siyasətini müəyyən edən normativ hüquqi aktdır.
Ölkəmiz dünya birliyinə sürətlə inteqrasiyası baxımından qəbul olunan qanunlar beynəlxalq standartlara tam uyğunlaşdırılmalıdır. Azərbaycan Prezidentinin təsdiqlədiyi "Dövlət qulluğu haqqında" Qanuna dəyişikliklər də dünya təcrübəsinə uyğunlaşdırılıb. Bu, həm də  dövlət qulluğunda vahid, sabit və şəffaf əməkhaqqı sisteminə keçidi təmin edəcək. Bu, üsul artıq Qərb ölkələrində, Şərqi Avropada, Cənub-Şərqi Asiya ölkələrinin bir qismində, həmçinin qonşu Gürcüstanda tətbiq olunur və öz müsbət nəticəsini göstərir.  Bu baxımdan Azərbaycanda da belə bir islahatın aparılması vacib idi. 

“Dövlət Qulluğu haqqında” Qanuna dəyişiklikdən 30 mindən artıq dövlət qulluqçusunun yararlanması nəzərdə tutulub. Otuz min nəfərin ailə üzvlərini də nəzərə alsaq, deməli, yüz mindən çox Azərbaycan vətəndaşının həyat tərzi  daha da yaxşılaşdırılacaq. Qanuna dəyişikliyə qədər dövlət qulluğunda çalışanlara səlahiyyətlərinə məxsus və təcrübəsinə görə əlavələr, mükafatlar verilirdi. Təbii ki,  bu əlavələrdən bütün dövlət qulluqçuları yararlana bilmirdilər. Çünki əvvəlki qanuna əsasən, yalnız təcrübəsi və səlahiyyətləri yüksək olan dövlət qulluqçuları maaşa əlavə ala bilirdilər. Artıq bu sistem daha da təkmilləşdirilir. Çünki qanuna edilmiş dəyişikliyə görə vahid və sabit əməkhaqqı sisteminə keçid  olacaq, mükafatlar vahid şəkildə maaşa birləşdirilir. Bu da gələcəkdə dövlət qulluqçularının pensiyaya çıxması zamanı pensiya artımına  müsbət təsir göstərəcək. 

“Dövlət qulluğu haqqında” Qanuna edilən son dəyişikliklərin əsas mahiyyətindən biri də  dövlət qulluğuna qəbul prosesini daha çevik, şəffaf, həmçinin idarəetmədə müasir standartları tətbiq etməkdir. Bununla yanaşı, Dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, vəzifədə irəliləyiş və rotasiya qaydalarında şəffaflığın artırılması nəzərdə tutulur. Qanuna dəyişikliyin əsas mahiyyətlərindən biri də Dövlət qulluqçularının əməkhaqqı sistemi, mükafatlandırılması və sosial təminatları ilə bağlı mexanizmlərin daha ədalətli formaya salınmasıdır. 

Yeni model qanunu daha da təkmilləşdirib. Dəyişikliyə əsasən, aylıq əmək haqqı vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraitinə görə əlavələr və artıq iş saatları  üçün haqdan ibarətdir. Diqqət çəkən əsas məqamlardan biri də əməkhaqqının vəzifə  maaşında ümumi payı artıq cəmi 35-45 faiz deyil, orta hesabla 95 faizdən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının  baza hissəsinin kəskin güclənməsi deməkdir. 

Dövlət qulluqçularının vahid və sabit əməkhaqqı sisteminə keçidi korrupsiya və rüşvətxorluğun qarşısının alınmasında da müsbət rol oynayacaq.  Bu hal beynəlxalq təcrübədə də sınaqdan keçirilib və belə qənaətə gəlinib ki, dövlət qulluqçularının əməkhaqqı sabit və artım yüksək olduqca korrupsiya göstəriciləri aşağı düşür. Çünki səlahiyyətli vəzifə daşıyıcılarının aldıqları  əməkhaqqının ailəsinin dolanışığına kifayət etdiyi halda, onlar  risk edib korrupsiya hüquqpozmalarına yol verməyəcəklər.
 

"Dövlət qulluğu haqqında" Qanuna dəyişiklikləri  hazırda dövlət idarəetmə sistemində həyata keçirilən islahatların növbəti mərhələsi kimi dəyərləndirirəm. Son dəyişiklik dövlətin idarəetmə sisteminin asanlaşmasına da müsbət təsir göstərəcək, sistemi daha sadə və şəffaf  edəcək, subyektiv qərarların təsirini azaldacaq.

Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Seçilən
75
5
bakivaxti.az

10Mənbələr