AZ

Sumqayıtda kişi qeyri-rəsmi münasibətdə olduğu qadını döydü – TƏFƏRRÜAT

BAKI, 20 mart. TELEQRAF

Sumqayıt şəhərində 36 yaşlı oğlan qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 22-də şəhərinə 3-cü mikrorayon ərazisində baş verib.

1990-cı il təvəllüdlü Mübariz həmin gün saat 18:00-da qeyri-rəsmi münasibətdə olduğu Aygün (adlar şərti verilib – red.) ilə yaşadığı binanın ikinci mərtəbəsində qısqanclıq zəminin mübahisə edib.

Baş verən mübahisə zamanı o, Aygünün sol çiyin nahiyəsinə yumruq vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, Aygünlə bir ildir qeyri-rəsmi münasibətdədir, birlikdə kirayə yaşayır: “Aygün ilə bir neçə dəfə mübahisələrim olub. Bu mübahisələrimiz qısqanclıq zəminində baş verib. Sonuncu dəfə yaşadığımız mənzildən getdiyim vaxt Aygünü binanın 2-ci mərtəbəsində gördüm. Ondan haradan gəlməsini soruşam da, cavab vermədi. Saymamazlıq etməsi məni əsəbiləşdirdi. Onun sol çiyin nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurdum”.

Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını deyib.

Zərərçəkmiş Aygünün sözlərinə görə, məlum hadisə vaxtı binanın 2-ci mərtəbəsində Mübariz ilə rastlaşan vaxt nənəsinin evindən gəlib: “Mübariz məndən haradan gəldiyimi soruşdu. Ondan küsülü olduğum üçün haradan gəldiyinmi demədim və sakit şəkildə evə qalxmağa çalışdım. Bu zaman Mübariz sol çiyin nahiyyəmə yumruqla vuraraq mənə xəsarət yetirdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Seçilən
59
2
teleqraf.com

4Mənbələr