AZ

Qazaxıstan Aktauda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı araşdırmanın gedişatını açıqlayıb

BAKI, 20 mart. TELEQRAF

Qazaxıstan Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının texniki səbəblərinin araşdırılması üçün avadanlıq istehsalçılarından bütün zəruri ekspertiza nəticələrini əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Kazinform" agentliyinə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

Baş nazirin müavininin sözlərinə görə, hazırda beynəlxalq komissiyanın iştirakı ilə araşdırmanın yekunlaşdırılması prosesi davam edir. O bildirib ki, GPS-trekerlər, naviqasiya sistemləri, eləcə də "Embraer" hava gəmisi istehsalçısından bütün texniki rəylər artıq komissiyaya daxil olub.

"Bütün zəruri ekspertizalar əldə olunub. Hazırda nəticələrin ümumiləşdirilməsi və komissiya üzvləri ilə razılaşdırılması mərhələsi gedir", - deyə K.Bozumbayev qeyd edib.

Rəsmi məlumata görə, araşdırma qrupuna Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri ilə yanaşı, istehsalçı şirkət və beynəlxalq aviasiya təşkilatlarının nümayəndələri də daxildir. Beynəlxalq standartlara uyğun olaraq, texniki araşdırmanın yekun nəticələrinin yaxın aylarda təqdim edilməsi planlaşdırılır.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Bakı-Qrozni reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olmaqla ümumilikdə 67 nəfər olub.

Seçilən
79
50
teleqraf.com

10Mənbələr