AZ

Dövlət qulluğunda əməkhaqqı mexanizmlərinin təkmilləşdirilməsi sosial ədaləti təmin edir



Sosial yönümlü dövlət modelinin təkmilləşdirilməsi həmişə aktual məsələ kimi diqqət mərkəzində olur. Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin inkişaf perspektivləri islahatların davam etdirilməsini və dövlət idarəçiliyinin bütün sahələrində keyfiyyətcə yeni standartların tətbiqini zəruri edir. Bu baxımdan, bugünlərdə yeni qanunvericilik aktlarının qəbul edilməsi dövlət idarəçiliyi sahəsində aparılan institusional islahatların məntiqi davamı kimi xarakterizə olunur. Söhbət ilk növbədə Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktlarından gedir. Belə ki, “Dövlət qulluğu haqqında” qanunda və digər qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu üzrə əməkhaqqı sistemində mühüm yeniliklərdən xəbər verir.

Bu dəyişikliklər dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən köklü islahatların göstəricisi hesab oluna bilər. Dəyişikliklərin nəticəsində ilk növbədə əməkhaqqı sistemində qeyri-müəyyənliyə, qarışıqlığa, mürəkkəbliyə və qeyri-şəffaflığa gətirib çıxaran mükafatlandırma mexanizmi ləğv edilir, bunun əvəzində isə maaşların baza hissələri əhəmiyyətli dərəcədə artırılır. Bu, yeni və daha rasional yanaşmadır. Sözügedən yanaşma "Dövlət qulluğu haqqında" qanunda edilən dəyişikliklərdə öz əksini tapıb.

Bəs, bu hüquqi addımların, yeni yanaşmaların, dövlət başçısı tərəfindən qanunvericilik aktlarında edilən müvafiq dəyişikliklərin təməl hədəfi nədir? Bu addımlar idarəetmədə nə kimi müsbət nəticələrə gətirib çıxaracaq? Dəyişikliklər heç şübhəsiz ki, ilk növbədə dövlət qulluğunda əməkhaqqı sisteminin müasir meyarlara uyğunlaşdırılmasına, onun daha səmərəli funksionallığına və vahid struktur əsasında yenidən qurulmasına geniş imkanlar açır. Dövlət qulluğunda əmək haqqının yeni modelinin tətbiqinə başlanılması, həmçinin dövlət xidmətlərinin keyfiyyətinə də kifayət qədər ciddi təsir göstərəcək. Yəni ki, burada əsas hədəflərdən biri də məhz dövlət qulluğunun keyfiyyətinin yüksəldilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə nail olmaqdır. Bu isə öz növbəsində həm hazırkı dövlət qulluqçularının peşəkar xidmət motivasiyasının artmasına, həm də yeni peşəkar kadrların dövlət sektoruna cəlb edilməsinə stimul verəcək.

Bütün bu proseslər zəncirvari reaksiya şəklində təzahür edir. Belə ki, dövlət qulluğunun təkmilləşməsi və idarəetmə sisteminin səmərəliliyi son nəticədə yerlərdə - əlaqədar dövlət qurumlarında məmurların vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətinin artmasına da rəvac verəcək. Deməli, dövlət qulluğunda tətbiq ediləcək yeni əməkhaqqı modeli təkcə dövlət qulluğunda çalışanların məvaciblərinin artmasına deyil, eyni zamanda, son nəticədə vətəndaşlara xidmətin daha da yaxşılaşmasına hesablanıb. Yeni dəyişikliklər buna şərait və zəmin yaradacaq.

Nəzərdə tutulan dəyişikliklərin və təklif edilən yeni modelin həmçinin özəl sektora da çox ciddi təsirləri olacaq. Söhbət əlbəttə ki, birbaşa, açıq təsirlərdən yox, dolayısı təsirlərdən gedir. Qeyd etməliyik ki, əvvəlki sistemdə dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşı məlum səbəblərə görə aşağı olurdu. Bunun nəticəsində də gənc kadrların bir çoxu dövlət qulluğuna deyil, məhz özəl sektorda çalışmağa üstünlük verirdi. Lakin eyni zamanda, dövlət sektorunda əmək haqqı artımının həyata keçirilməməsi özəl sektorda da məvaciblərə yenidən baxılması zərurəti yaratmırdı.

Beləliklə, nəticə etibarilə hər iki sahədə müəyyən durğunluq yaranırdı. Ancaq bu yeni dəyişikliklərin nəticəsində isə, əmək haqqı sisteminin təkmilləşdirilməsi dövlət qulluğunda çalışanların maaşlarının artmasına imkan yaratmaqla yanaşı, özəl sektorda da əmək haqqlarının artım tempinə önəmli dərəcədə müsbət təsirini göstərəcək. Nəticə etibarilə, təklif edilən yeni model ilk növbədə dövlət qulluğu sistemini və həm də dövlət sektorunu əhatə etsə də, lakin yeni qaydalara əsasən yüksək baza maaşının tətbiqi bir tərəfdən dövlət qulluğunu daha cəlbedici edəcək, digər tərəfdən isə özəl sektorun inkişafında dinamika yaradacaq. Bu da o deməkdir ki, yüksək ixtisaslı peşəkar kadrlara tələbat daha da artacaq və hər iki sektor arasında rəqabət daha da güclənəcək. Sağlam rəqabət isə inkişafın rəhni hesab olunur.

Bildiyimiz kimi əvvəlki sistemin zəif cəhətlərindən biri də o idi ki, maaşların yekun məbləği baza maaşı əsasında deyil, çoxsaylı əlavələr, mükafat və müavinətlər əsasında formalaşırdı. Vəzifə maaşı (yəni ki, maaşın baza hissəsi) ümumi gəlirin yalnız 35-45 faizini təşkil edirdi. Yerdə qalan 55-60 faizlik maaş hissəsi isə staja görə, vəzifə səlahiyyətlərinə görə əlavələrdən, kollektiv və fərdi mükafatlardan, eləcə də bir sıra digər yardımçı ödənişlərdən formalaşırdı. Bu da təbii ki, həm əməkhaqqı sistemində mürəkkəbliyə və qeyri-müəyyənliyə səbəb olurdu, həm də ki, qeyri-şəffaflığa və korrupsiya risklərinə yol açırdı. Ancaq nəzərdə tutulan yeni dəyişikliklərlə isə bütün bu kimi amillər aradan qaldırılacaq və sadələşdirilmiş (+təkmilləşdirilmiş) yeni model əsasında dövlət qulluqçularının gəlirləri daha çox sabit maaş (baza maaşı və ya vəzifə maaşı) üzərində formalaşacaq. Artıq çoxsaylı əlavələr, mükafat və müavinətlərin bir çoxu ləğv edilərək vəzifə maaşına daxil ediləcək və beləliklə, vahid vəzifə maaşlarına keçid baş verəcək. Yəni ki, yeni sistemin tətbiqindən sonra əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45 faiz deyil, təxminən 95 faizdən çox olacaq. Başqa sözlə desək, dövlət qulluğunda çalışanların əməkhaqqlarının baza hissəsi əhəmiyyətli dərəcədə artmış olacaq. Mütəxəssislər haqlı olaraq bunu vahid vəzifə maaşlarına keçid kimi qiymətləndirirlər.

Bütün hallarda, bu cür sadələşdirmə və təkmilləşdirmələr pozitiv addım kimi qiymətləndirilməlidir. Çünki vahid əməkhaqqı modelinin yaradılması həm dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə və səmərəliliyinin artırılmasına təkan verəcək, həm də dövlət qulluğunun cəlbediciliyini, perspektivliliyini artıracaq, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını və korrupsiya risklərini minumuma endirəcək. Eyni zamanda, əmək haqqının bu yeni sxeminin tətbiqi dövlət qulluğunun gənc və peşəkar kadrlar üçün cəlbediciliyini artıracaq, idarəetmə sistemində ierarxiya prinsipinin effektivliyini və stimullaşdırıcı amilləri gücləndirəcək. Gənc və yüksək ixtisaslı kadrlar gələcək karyeralarını dövlət sektoru ilə bağlamaq baxımından daha inamlı şəkildə qərar verəcəklər.

Burada bir məqamı da xüsusi olaraq vurğulamalıyıq ki, bu gün Azərbaycanda dövlət qulluğunda əməkhaqqı mexanizmlərinin təkmilləşdirilməsi və yeni modelə keçidə start verilməsi həmçinin ölkədə iqtisadi inkişafı stimullaşdırır və sosial ədaləti təmin edir. Belə ki, əmək haqqının yeni sxemi dövlət qulluqçularının əmək haqqının əsasən vəzifə maaşına əsaslanmasını nəzərdə tutmaqla dövlət və özəl sektor üzrə əmək haqqları arasında differensiasiyanın dərinləşməsini aradan qaldıracaq, dövlət qulluğundakı əməkdaşların motivasiya səviyyəsinin aşağı düşməsinin qarşısını alacaq. Beləliklə, yeni əmək haqqı sxemi dövlət sektorunun əmək bazarında çəkisini artıracaq.

Əmək haqqının bu yeni konsepsiyasının tətbiqi dövlət qulluğunun təkmilləşdirilməsinə xidmət etməklə ölkəmizin müasir beynəlxalq standartlara xüsusi önəm verməsi baxımından da əhəmiyyətlidir. Belə ki, hazırda bir çox Avropa ölkələrində dövlət idarəçiliyində vahid əməkhaqqı modeli tətbiq edilir. Eləcə də Baltikyanı respublikalarda və Moldova, Gürcüstan kimi bir sıra digər postsovet ölkələrində də dövlət qulluqçularının vəzifə maaşlarının şəffaf sxemdə və vahid strukturda əks olunması dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi ilə nəticələnib. Ona görə də biz bu dəyişikliklərə institusional islahatların vacib tərkib hissəsi kimi baxmalıyıq. Bu islahatlar Azərbaycanın dövlət idarəçiliyi sisteminin dünyanın ən müasir və mütərəqqi meyarlarına adaptasiyası üçün zəruridir.

Nəticə etibarilə bu islahatlar sadəcə dövlət sektorunda əməkhaqqı-maliyyə göstəricilərinin təkmilləşdirilməsinə deyil, həm də bütövlükdə insan kapitalının inkişafına, kadr resurslarının genişlənməsinə və dövlət idarəçilik sisteminin müasirləşdirilməsinə xidmət edir. Və buna paralel olaraq, əmək haqqının yeni konsepsiyasının ən mühüm sosial aspekti ondan ibarətdir ki, bu dəyişikliklər mahiyyətcə əmək haqqı sistemində köklü islahat olaraq həm müxtəlif sahələr arasındakı disproporsiyaları aradan qaldırır, həm də eyni iş yükünə malik mütəxəssislərin hər biri üçün bərabər imkanlar və ədalətli mühit yaradır. Ona görə də yeni model, yeni konsepsiya sadəcə maaş ödəmə sistemində mexaniki dəyişiklik deyil. Bu, həm də dövlət qulluğunda sağlam mənəvi mühitin, psixoloji sabitliyin təmin olunmasına və peşəkar motivasiyanın yüksəldilməsinə xidmət edən yeni strateji-konseptual yanaşmadır. Məhz bu yeni sxemin tətbiqi idarəetmə mexanizmlərinin təkmilləşməsinə, etimadın möhkəmlənməsinə, əməyin qiymətləndirilməsində sosial ədalət prinsipinin təmin olunmasına və eləcə də dövlət qulluqçularının fəaliyyətində nəticəyönümlülüyün güclənməsinə şərait yaradacaq. Yeni model hər bir dövlət qulluqçusunun əməyinin fərdi keyfiyyət göstəriciləri və peşəkarlıq meyarları əsasında qiymətləndirilməsinə imkan verəcək. Bu baxımdan, dövlət qulluğu üzrə əməkhaqqı sistemində yeniliklərə start verilməsi onminlərlə insanımızın həyatına pozitiv toxunuş kimi qiymətləndirilməlidir. Dövlətçilik maraqlarına xüsusi önəm verən yüksək ixtisaslı kadrlar üçün öz potensiallarını reallaşdırmaları baxımından yeni mərhələ başlayır.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
103
50
newscenter.az

10Mənbələr