AZ

Kamilo Duran Kolumbiya millisindən kənarda qaldı – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın vingeri Kamilo Duran Kolumbiya milli komandasından kənarda qalıb.

Arena.az xəbər verir kii, Kolumbiya millisinin qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Kolumbiya Futbol Federasiyasının açıqladığı siyahıya əsasən, baş məşqçi Nestor Lorenso 26 futbolçuya dəvət göndərib. Amma heyətdə “Qarabağ”ın futbolçusunun adı yer almayıb. Halbuki, bir müddət əvvəl Ağdam təmsilçisi oyunçunun milli komandaya dəvət aldığını açıqlamışdı. Məlumatda futbolçunun ilk dəfə yığmaya çağırıldığı açıqlansa da, sonradan həmin paylaşım silinib.

Kolumbiya millisi martın 21-dən 26-dək ABŞ-nin Orlando şəhərində təlim-məşq toplanışı keçəcək. Komanda bu müddətdə əvvəlcə Xorvatiya, daha sonra isə Fransa yığması ilə üz-üzə gələcək.

Xatırladaq ki, Kamilo Duran 2025-ci ilin avqustunda Portuqaliyanın “Portimonense” klubundan 200 min avro müqabilində “Qarabağ”a keçib. 23 yaşlı kolumbiyalı futbolçunun Ağdam klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Duran indiyə qədər “Qarabağ”ın heyətində 35 oyuna çıxıb, 10 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış etmiş Duran daha sonra Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
69
8
arena.az

10Mənbələr