AZ

Avropa Şurası İran ətrafındakı münaqişənin dərhal azaldılmasına çağırıb

Avropa Şurası İran ətrafındakı münaqişənin dərhal azaldılmasına çağırıb, bunun regional və qlobal təhlükəsizliyə təhdid olduğunu vurğulayıb.

"Far.Az"un Avropa Bürosu xəbər verir ki, bu, AŞ liderlərinin martın 19-da Brüsseldə keçirilən sammitdən sonra yekun bəyanatında bildirilib.

Sənəddə AŞ liderləri İranın region ölkələrinə hücumlarını pisləyib, suverenliyə və beynəlxalq hüquqa hörmət etməyə çağıraraq hücumların dərhal dayandırılmasını tələb ediblər.

AŞ həmçinin mülki itkilərin sayının artması və münaqişənin iqtisadi nəticələri ilə bağlı narahatlıqlarını ifadə edərək enerji və su obyektləri də daxil olmaqla mülki infrastruktur obyektlərinə hücumlara moratorium qoyulmasına çağırıb.

Xüsusilə Hörmüz boğazından keçməklə gəmiçilik azadlığının təmin edilməsi və dəniz təhlükəsizliyinin gücləndirilməsi zərurəti vurğulanıb. AŞ mandatını dəyişdirmədən regiondakı dəniz missiyalarını gücləndirmək niyyətindədir.

AŞ liderləri münaqişə zonasına yaxın ölkələrə dəstəyi bir daha təsdiqləyib və hava hücumundan müdafiə sistemlərinin, pilotsuz təyyarələrə qarşı əməliyyatların gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Bundan əlavə, AŞ gərginliyi azaltmaq üçün diplomatik səylər göstərməyə hazır olduğunu bildirib və vurğulayıb ki, İran nüvə silahına sahib olmamalıdır.

Bəyanatda həmçinin Qəzza zolağı və Qərb sahilindəki vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edilib, İsrail ilə Fələstin arasında iki dövlətli həll yoluna sadiqliyi bir daha təsdiqlənib.

AŞ liderləri vəziyyətin hələ də ağır olduğu Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsinə çağırıblar.

Avropa Şurası Livandakı vəziyyətlə bağlı gərginliyin azaldılmasına çağırıb, ölkənin suverenliyini dəstəkləyib, "Hizbullah"ın hərəkətlərini pisləyib və BMT-nin sülhməramlı missiyasına dəstəyini bir daha təsdiqləyib.

Seçilən
111
1
far.az

2Mənbələr