AZ

“İran F-35-i vurdu” iddiası: həqiqət nədir – ABŞ təsdiqlədi, amma…

ABŞ-ın ən müasir qırıcılarından biri – F-35-in İranla bağlı insidentə düşməsi ətrafında yayılan xəbərlər beynəlxalq informasiya məkanında ciddi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, İran mediası və rəsmi kanallar ABŞ-a məxsus beşinci nəsil F-35 qırıcı təyyarəsinin İran hava məkanında vurulduğunu iddia edib. Azərbaycan mediasında isə birbaşa başlıq qoyaraq, "İran ABŞ-ın F-35-ni ilk dəfə vurdu", kimi xəbərlər yayılıb.

Musavat.com-un araşdırmaları bu iddiaların tam təsdiqlənmədiyini və hadisənin mahiyyətinin fərqli ola biləcəyini göstərir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yalnız bir faktı təsdiqləyib: F-35 təyyarəsi döyüş tapşırığından sonra məcburi eniş edib və pilot sağdır. Lakin təyyarənin İran tərəfindən vurulduğu barədə rəsmi təsdiq verilməyib.

Hadisə ilə bağlı ən mühüm məqam isə məntiqi ziddiyyətdir. Əgər F-35 doğrudan da vurulubsa, onun idarəolunan şəkildə ABŞ hərbi bazasına enməsi sual doğurur. Hərbi ekspertlərin yanaşmasına görə, vurulan döyüş təyyarəsi ya tam sıradan çıxır, ya da idarəetməni itirir. Bu baxımdan təyyarənin bazaya enməsi onun maksimum halda zədələnməsi ehtimalını gücləndirir.

Bizim əldə etdiyimiz məlumatlara görə, Qərb mediasında da hadisə “vurulma” faktı kimi deyil, ehtimal və ya araşdırılan insident kimi təqdim olunur. Bu isə İranın məlumatı qəti hərbi uğur kimi təqdim etməsi ilə ziddiyyət təşkil edir.

Bir çox ekspertlər hesab edir ki, İranın hava hücumundan müdafiə imkanları kifayət qədər effektiv deyil və bu, ölkənin hərbi təhlükəsizliyində əsas problemlərdən biridir.

Belə bir şəraitdə İranın F-35 kimi müasir və “görünməz” texnologiyaya malik qırıcı təyyarəni vurması iddiası hələlik təsdiqlənməmiş məlumat kimi qiymətləndirilir. Mövcud faktlar göstərir ki, hadisə daha çox zədələnmə və ya texniki problem nəticəsində baş vermiş insident kimi qiymətləndirilə bilər.

 

Musavat.com

Seçilən
124
50
musavat.com

10Mənbələr