AZ

Keçmişdən bu günə: Novruz adətləri və cəmiyyətdə həmrəyliyin önəmi - AÇIQLAMA

Novruz bayramı yalnız milli-mənəvi dəyərləri yaşatmaqla kifayətlənmir, eyni zamanda ailələri və qonşuları bir araya gətirərək cəmiyyətdə birlik və həmrəyliyi gücləndirir. Lakin zamanla bəzi adətlərin unudulması bu sosial əlaqələrə təsir göstərir.

Cəmiyyətin həmrəyliyində bayramın rolu və itirilən ənənələr haqqında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Missiya.Az-a danışıb.

"Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri Novruz bayramıdır. Bəşəriyyətin inkişafında mühüm rol oynamış əkinçilik və maldarlıq Yaxın Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının təsərrüfat həyatında xüsusi yer tutmuşdur. Torpağa bağlı yaşayan əcdadlarımız yazın gəlişini, təbiətin oyanışını və həyatın yenilənməsini həmişə səbirsizliklə gözləmiş, bu günü böyük sevinc və ümidlə qarşılamışlar. Novruz adət-ənənə və mərasim sistemi kimi zəngin tarixi köklərə, dərin fəlsəfi məzmuna və geniş humanist dəyərlərə malikdir. Bu bayramda milliliklə bəşərilik vəhdət təşkil edir. Onun fəlsəfəsində xalqlardan və millətlərdən daha qədim dövrlərə aid həyat tərzinin, təbiətlə harmoniyada yaşamaq istəyinin izləri aydın şəkildə hiss olunur. Novruz nadir mədəni hadisələrdəndir ki, burada insan və təbiət ayrılmaz bir bütöv kimi təqdim olunur",-sosioloq bildirib.

Fariz Əkbərovun sözlərinə görə, bu məqam sevindirici haldır ki, cəmiyyətimiz dədə-babadan miras qalan Novruz ənənələrini bu gün də yaşadır, inkişaf etdirir və gələcək nəsillərə ötürür. Keçmişdən gələn papaqatdı, tonqal qalamaq və səməni yetişdirmək kimi adətlər ailələri və qonşuları bir araya gətirərək sosial münasibətləri gücləndirir, küsülüləri barışdırır və cəmiyyətdə həmrəyliyi möhkəmləndirir. Bu bayram müasir dövrdə də insanlar arasında paylaşma, mehribanlıq və birlik ruhunu canlandırır.

"Lakin urbanizasiya və qloballaşmanın təsiri ilə bəzi ənənələr ya unudulmağa başlayıb, ya da daha çox simvolik xarakter alıb. Məsələn, qulaq falı, qapı pusma, tonqaldan tullanma və xüsusilə papaq atmaq kimi adətlər artıq əvvəlki genişliyini itirir. Bu dəyişikliklər həyat tərzinin sürətlənməsi, insanların şəhər mühitinə köçməsi və rəqəmsallaşmanın təsiri ilə ənənəvi ünsiyyət formalarının yerini virtual əlaqələrin tutması ilə bağlıdır.

Bəzi adətlərin zəifləməsi konkret nümunələrdə də özünü göstərir. Şəhər mühitində qonşuluq münasibətlərinin əvvəlki kimi sıx olmaması papaq atmaq ənənəsinin azalmasına səbəb olub. Qulaq falı və qapı pusma kimi davranışlar isə müasir təhlükəsizlik anlayışı ilə uyğun gəlmir. Bundan əlavə, yumurtaların təbii üsullarla — soğan qabığı və ya bitkilərlə rənglənməsi əvəzinə, hazır kimyəvi boyalara üstünlük verilir. Xonçaların hazırlanmasında da dəyişiklik müşahidə olunur: evdə şəkərbura və paxlava bişirmək əvəzinə, hazır məhsulların alınması daha geniş yayılıb.

Bütün bu dəyişikliklərə baxmayaraq, Novruz öz mahiyyətini qoruyaraq insanların həyatında mühüm yer tutmağa davam edir",-F.Əkbərov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
55
missiya.az

1Mənbələr