AZ

Gəncədə yeni KOB evi açılıb: sahibkarlara 80-dən çox xidmət göstəriləcək

Gəncədə yeni KOB evi açılıb: sahibkarlara 80-dən çox xidmət göstəriləcək

Sayca beşinci KOB evi Gəncə şəhərində fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AFN.az-a verilən məlumata görə, “Gəncə KOB evi”ndə 15 dövlət qurumu tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək. Sahibkarlar biznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyat vasitələri üçün fərqlənmə nişanlarının alınması və digər icazələr, investisiya təşviqi sənədi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi xidmətləri, ekoloji icazələr və təbii ehtiyatlardan istifadə, sosial müdafiə və məşğulluq məsələləri, kommunal xidmətlərə qoşulma və s. xidmətlər üçün “Gəncə KOB evi”nə müraciət edə bilərlər.

KOB evində həmçinin, sahibkarlara özəl təşkilatlar tərəfindən bank, sığorta, konsaltinq, lizinq, tərcümə və s. kimi “B2B” xidmətlər də göstəriləcək. Ümumilikdə “Gəncə KOB evi”ndə 33 xidmət pəncərəsində sahibkarlara “G2B” və “B2B” xidmətlər təqdim olunacaq. Gəncə şəhəri ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da “Gəncə KOB evi”nin xidmətlərindən istifadə edə bilərlər.

Sahibkarlara biznes ideyalarının reallaşması üçün məsləhət, təlim, biznes planın hazırlanması, şəbəkələşmə kimi xidmətlər göstərəcək Gəncə KOB İnkişaf Mərkəzi və KOB dostu ofisi də bu binada fəaliyyət göstərəcək. “Gəncə KOB evi”ndə həmçinin, sahibkarlarla görüşlərin və tədbirlərin təşkili üçün konfrans zalı, iş otaqları və digər zəruri infrastruktur yaradılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və regionda fəaliyyət göstərən sahibkarlar "Gəncə KOB evi"ndə sahibkarlar üçün yaradılmış şərait, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmət pəncərələri ilə tanış olublar.

Qeyd edək ki, “Gəncə KOB evi” Kəpəz rayonu, Zərifə Əliyeva prospekti 166 ünvanında yerləşir. KOB evi həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərəcək.

Seçilən
60
9
afn.az

10Mənbələr