AZ

Serbiyanın qaz infrastrukturu hərbi mühafizə altına alınıb

Budapeşt, 19 mart, AZƏRTAC

Macarıstanın “MTV1” telekanalında yayımlanan xəbərə görə, Serbiya hökuməti ölkənin enerji təhlükəsizliyi ilə bağlı mühüm addım atıb. Prezident Aleksandar Vuçiçin qərarı ilə Serbiya ordusu Macarıstana yönələn qaz nəqlinin əsas nöqtələrindən birini gücləndirilmiş şəkildə qorumağa başlayıb.

AZƏRTAC xəbər verir ki, söhbət Velika Planadakı kompressor stansiyasından gedir. Bu obyekt 2021-ci ildə inşa olunub və Türkiyə üzərindən gələn Rusiya qazının Macarıstana çatdırılmasında kritik rol oynayır.

Məlumata görə, mart ayından etibarən obyekt yüksək təhlükəsizlik rejiminə keçirilib. Mühafizə tədbirlərinə həm quru qoşunları, həm də hava hücumundan müdafiə sistemləri cəlb olunub. Xüsusi təyinatlı bölmələr potensial təhdidləri erkən mərhələdə aşkar edib, qarşısını almaq üçün fəaliyyət göstərir.

Xəbərdə qeyd olunur ki, bu addım regionda enerji infrastrukturlarına qarşı artan risklər fonunda atılıb. Xüsusilə “Türk axını” qaz kəmərinin əhəmiyyəti nəzərə alınaraq, onun fasiləsiz işləməsi həm Serbiya, həm də Macarıstan üçün strateji məsələ kimi qiymətləndirilir.

Beləliklə, “MTV1”in icmalına əsasən, Balkanlarda enerji təhlükəsizliyi artıq hərbi səviyyədə qorunan prioritet sahəyə çevrilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
42
3
azertag.az

4Mənbələr