AZ

Serbiyanın qaz infrastrukturunda təhlükəsizlik tədbirləri artırılıb

Budapeşt, 19 mart, AZƏRTAC

Serbiya hökuməti ölkənin enerji təhlükəsizliyi ilə bağlı mühüm addım atıb. Prezident Aleksandar Vuçiçin qərarı ilə Serbiya ordusu Macarıstana istiqamətində uzanan qaz borularının əsas nöqtələrindən biri olan Velika Planadakı kompressor stansiyasında təhlükəsizlik tədbirlərini artırıb.

AZƏRTAC xəbər verir ki, bu obyekt 2021-ci ildə inşa olunub və Türkiyə üzərindən gələn rus qazının Macarıstana çatdırılmasında kritik rol oynayır.

Məlumata görə, mart ayından etibarən obyekt yüksək təhlükəsizlik rejiminə keçirilib və mühafizə tədbirlərinə həm quru qoşunları, həm də hava hücumundan müdafiə sistemləri cəlb olunub. Xüsusi təyinatlı bölmələr potensial təhdidləri erkən mərhələdə aşkar edib qarşısını almaq üçün fəaliyyət göstərirlər.

Bu addım regionda enerji infrastrukturlarına qarşı artan risklər fonunda atılıb. Xüsusilə “Türk axını” qaz kəmərinin əhəmiyyəti nəzərə alınaraq, onun fasiləsiz işləməsi həm Serbiya, həm də Macarıstan üçün strateji məsələ kimi qiymətləndirilir.

Beləliklə, Balkanlarda enerji təhlükəsizliyi artıq hərbi səviyyədə qorunan prioritet sahəyə çevrilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
34
4
azertag.az

5Mənbələr