AZ

Ramazan və müharibə – Qızıl bazarında ŞOK dalğalanma

Azərbaycanda Ramazan ayının gəlişi ənənəvi olaraq toy və şadlıq mərasimlərinin dayanması səbəbindən zərgərlik sektorunda ciddi durğunluq yaratsa da, bu il vəziyyət daha mürəkkəb iqtisadi və geosiyasi amillərin təsiri altındadır.

Qlobal miqyasda İran, ABŞ və İsrail arasındakı gərginliyin hərbi müstəviyə keçməsi, Yaxın Şərqdəki qeyri-sabitlik dünya birjalarında qızılın “təhlükəsiz liman” statusunu yenidən bərpa edib və qiymətlərin kəskin sıçrayışına rəvac verib. Regionda müharibə riskinin artması investorları və iri maliyyə qurumlarını riskli aktivlərdən qaçaraq qızıla yönəlməyə məcbur edir ki, bu da yerli bazarda qramla satış qiymətlərinin rekord həddə çatması ilə nəticələnib.

Hazırda 585 əyyar Türk qızılının qiyməti 197–200 manat, 750 əyyar İtaliya qızılı 200–220 manat, Ərəbistan istehsalı qızıl isə 250–270 manat aralığında dəyişir.

Beləliklə, builki Ramazan durğunluğu sadəcə toy məclislərinin olmaması ilə deyil, həm də müharibə fonunda bahalaşan qızılın alıcılıq qabiliyyətini minimuma endirməsi ilə xarakterizə olunur. İstehlakçılar indi qızıl məmulatlarını bəzək əşyası kimi almaqdan çəkinir, mövcud qlobal gərginlik isə bazarda qeyri-müəyyənliyi artıraraq həm satıcıları, həm də alıcıları gözləmə mövqeyinə sürükləyir.

Natiq
Natiq Cəfərli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, zərgərlik bazarındakı cari vəziyyət artıq sadəcə mövsümi xarakter daşımır, bu birbaşa qlobal geosiyasi böhranın əks-sədasıdır:

“Ramazan ayına görə toy məclislərinin dayanması daxili tələbatı onsuz da 50-60 faiz azaldırdı, lakin İran, İsrail və ABŞ arasındakı hərbi gərginlik qızılın dünya bazarındakı unsiya qiymətini proqnozlaşdırılan hədlərdən yuxarı qaldırıb. Müharibə qızılı bahalaşdıran ən əsas faktordur və bu bahalaşma yerli bazarda alıcılıq qabiliyyətini iflic edib. Mağazalara müraciət edən tək-tük müştərilər də artıq zinət əşyalarına deyil, vəsaitlərini qorumaq üçün investisiya təyinatlı qızıllara maraq göstərirlər”.

Ekspert qeyd edib ki, regiondakı gərginlik fonunda qızılın qiyməti “pik” nöqtələrdə qalmağa davam edəcək:

“Bu isə o deməkdir ki, Ramazan bitdikdən və toy mövsümü başladıqdan sonra belə, biz bazarda əvvəlki aktivliyi görməyə bilərik. Çünki müharibə riskləri və yüksək qiymətlər insanların xərcləmə vərdişlərini dəyişib; indi bəzək əşyası almaq prioriteti arxa plana keçib.

Bazarın canlanması üçün təkcə bayramın bitməsi yetərli deyil, regiondakı hərbi-siyasi vəziyyətin stabilləşməsi və qlobal qiymətlərin nisbətən enməsi zəruridir. Hazırda zərgərlik sektoru tarixinin ən bahalı və ən az alıcısı olan dövrlərindən birini yaşayır”.

Tunar 

NOCOMMENT.az 

Seçilən
50
nocomment.az

1Mənbələr