AZ

Tramp İrana qarşı müharibənin yeni mərhələsinə hazırlaşır - Planda nələr var?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İrana qarşı davam edən hərbi əməliyyatların növbəti mərhələsi fonunda Yaxın Şərqə minlərlə əlavə hərbçi göndərməyi nəzərdən keçirir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Reuters”ə ABŞ rəsmisi və məsələdən xəbərdar olan bir neçə mənbə bildirib.

Məlumata görə, mümkün yerləşdirmə planları Trampa əməliyyatları genişləndirmək üçün əlavə variantlar təqdim edə bilər. Müharibə artıq üçüncü həftəsinə daxil olub və Vaşinqton regionda hərbi mövcudluğunu gücləndirmək üzərində düşünür.

Müzakirə olunan variantlar arasında Hörmüz boğazı vasitəsilə neft tankerlərinin təhlükəsiz hərəkətinin təmin edilməsi də var. Mənbələrin bildirdiyinə görə, bu missiya, əsasən, hava və dəniz qüvvələri ilə həyata keçirilə bilər, lakin zərurət yaranarsa, İran sahillərinə quru qoşunlarının yerləşdirilməsi də istisna edilmir.

Eyni zamanda, Vaşinqtonun İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının nəzarət altına alınması variantını da müzakirə etdiyi bildirilir. Lakin mütəxəssislər bunun hətta ABŞ xüsusi təyinatlı qüvvələri üçün belə, olduqca mürəkkəb və riskli əməliyyat olacağını vurğulayırlar.

Ağ Ev rəsmisi bildirib ki, hələlik İrana quru qoşunlarının göndərilməsi ilə bağlı yekun qərar verilməyib: “Prezident bütün variantları nəzərdən keçirir və əməliyyatın məqsədlərinə nail olmağa fokuslanıb”.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, fevralın 28-dən bəri İrana qarşı 7 min 800-dən çox zərbə endirilib, 120-dən artıq hərbi gəmi sıradan çıxarılıb. Regionda hazırda təxminən 50 min ABŞ hərbçisi yerləşir.

Müharibə ərzində indiyədək 13 ABŞ hərbçisinin həlak olduğu, təxminən 200 nəfərin isə yaralandığı bildirilir.

Qeyd olunur ki, quru qoşunlarının mümkün istifadəsi siyasi baxımdan da risklidir. Belə ki, ABŞ ictimaiyyətində bu müharibəyə dəstək aşağıdır və Tramp daha əvvəl ölkəni yeni münaqişələrə cəlb etməyəcəyinə söz vermişdi.

Hazırda administrasiya müxtəlif hərbi və strateji ssenariləri nəzərdən keçirsə də, yekun qərarın hələ verilmədiyi bildirilir.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
38
yenisabah.az

1Mənbələr