Berlin, 19 mart, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts Bundestaqdakı çıxışında ölkəsinin Hörmüz boğazındakı təhlükəsizliyin təmin olunmasında yer almamasının əsaslarını izah edib.
AZƏRTAC xəbər verir ki, Kansler bu barədə bildirib: “Bu əməliyyatın necə uğur qazanacağına dair bu günə qədər heç bir inandırıcı konsepsiya mövcud deyil. Vaşinqton bu məsələdə bizimlə məsləhətləşməyib və Avropanın yardımını zəruri hesab etməyib. Biz bu yolun hazırda seçildiyi şəkildə davam etdirilməsini tövsiyə etməzdik. Buna görə də bəyan etmişik ki, müharibə davam etdiyi müddətdə biz bu prosesdə iştirak etməyəcəyik. Məsələn, Hörmüz boğazında hərbi vasitələrlə sərbəst gəmiçiliyin təmin olunmasında yer almayacağıq. Bunun üçün indiyədək nə aydın plan var, nə də BMT, Avropa İttifaqı və ya NATO tərəfindən verilmiş mandat mövcuddur”.
Buna baxmayaraq, Kansler Almaniyanın diplomatik vasitələrlə müharibənin tezliklə başa çatdırılmasına çalışmaqdan imtina etmədiyini də vurğulayıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin