AZ

İranın iqtisadi onurğasına zərbə: Bakı Avropa üçün “alternativ ada”ya çevrilir?

İsrail Hərbi Hava Qüvvələrinin İranın cənubundakı strateji enerji qovşaqlarına, xüsusilə dünyanın ən böyük qaz yatağı sayılan “Cənubi Pars” və Buşehr əyalətindəki qaz emalı zavodlarına endirdiyi kütləvi zərbələr regionda və qlobal bazarlarda sarsıntı yaradıb.

Hücum nəticəsində “Cənubi Pars” yatağının bir neçə mühüm infrastrukturu sıradan çıxıb, Əsəluyə şəhərindəki neft-kimya müəssisələrinə də ciddi ziyan dəyib. Gündəlik 73 milyon kubmetr rekord hasilat gücünə malik olan bu kompleksin fəaliyyətinin qismən dayandırılması təkcə İranın daxili tələbatını deyil, həm də neft-kimya sənayesi üçün həyati əhəmiyyət kəsb edən qaz kondensatının tədarükünü təhlükə altına qoyub. Bu hadisə həm də münaqişənin xarakterinin dəyişdiyini göstərir; indiyədək İranın enerji infrastrukturu əsasən hərbi hədəflərdən kənarda qalsa da, bu son zərbə birbaşa ölkənin iqtisadi onurğasına hesablanıb. Tehranın bu hücuma cavab olaraq Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki neft-qaz obyektlərini hədəf alacağı ilə bağlı verdiyi ultimatum isə qlobal enerji təhlükəsizliyi üçün “qırmızı xəttin” keçilməsi deməkdir. Artıq Avropa bazarları bu gərginliyə dərhal reaksiya verib: Hollandiyadakı TTF mərkəzində qazın qiyməti qısa müddətdə 1,35 faiz artaraq 1 kubmetr üçün 632,5 dollara çatıb.

Məsələni NOCOMMENT.az-a şərh edən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, İsrailin İranın qaz infrastrukturunu hədəf alması faktiki olaraq qlobal enerji bazarında yeni və daha təhlükəli bir krizis mərhələsinin başlanğıcıdır. “Cənubi Pars” təkcə İran üçün deyil, dünya qaz ehtiyatlarının nəhəng bir hissəsini təşkil edən qlobal strateji aktivdir. Bu yatağa və Əsəluyədəki emal zavodlarına endirilən zərbələr İran iqtisadiyyatının ən həssas damarını kəsmək deməkdir. İranın dövlət büdcəsinin və valyuta daxilolmalarının böyük hissəsi məhz bu neft-kimya və qaz hasilatı zəncirindən asılıdır. İstehsalın bir neçə mərhələsinin dayanması İranın daxili sənayesini və elektrik enerjisi istehsalını iflic edə bilər. Lakin iqtisadi baxımdan ən qorxulu ssenari Tehranın cavab həmləsi ilə bağlıdır: “Əgər İran hədəf göstərdiyi Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin enerji infrastrukturuna hücum edərsə, bu, dünya bazarında neft və qaz qiymətlərinin idarəolunmaz şəkildə sıçrayışına səbəb olar. Bu, sadəcə regional münaqişə deyil, qlobal enerji inflyasiyasının yeni dalğası deməkdir. Avropada qazın qiymətinin xəbərdən dərhal sonra kəskin artması investorların böyük qorxusunun göstəricisidir. Dünya iqtisadiyyatı onsuz da kövrək bir dönəmdədir və Hörmüz boğazı ətrafındakı bu gərginlik qlobal tədarük zəncirini qıra bilər. İsrail bu zərbə ilə İranı iqtisadi cəhətdən diz çökdürməyi hədəfləyir, lakin bunun yan təsirləri bütün dünya ölkələrinin, o cümlədən Avropanın enerji hesablarında özünü göstərəcək”.

Akif Nəsirli

Regional perspektivdən yanaşdıqda, bu gərginliyin Azərbaycan üçün həm risklər, həm də strateji üstünlüklər vəd etdiyini qeyd edən Akif Nəsirli sözlərinə belə davam edib: “İrandakı enerji infrastrukturunun sıradan çıxması və körfəz ölkələrindən gələn tədarük zəncirinin qırılması Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da kritikləşdirir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql olunan mavi yanacağın əhəmiyyəti bir neçə dəfə artır və Azərbaycan artıq sadəcə bir təchizatçı deyil, həm də ən etibarlı “alternativ ada” funksiyasını yerinə yetirir. Lakin bu vəziyyət logistik layihələr üçün ciddi çağırışlar yaradır. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində İranın bir keçid ölkəsi kimi qeyri-sabitləşməsi bu marşrutun perspektivini dumanlı edir. İnfrastruktur obyektlərinin, o cümlədən enerji terminallarının vurulması beynəlxalq yükdaşımalar üçün riskləri artırır, bu isə yüklərin Orta Dəhlizə – Azərbaycan üzərindən keçən Şərq-Qərb marşrutuna daha böyük axınını stimullaşdıra bilər. Bir sözlə, İranın enerji sektoruna endirilən bu ağır zərbə dünya bazarında qiymət bahalaşmasına səbəb olmaqla yanaşı, regionun tranzit xəritəsini Azərbaycanın xeyrinə dəyişir, lakin eyni zamanda regional müharibə riskinin artması bütün Xəzəryanı ölkələr üçün ehtiyatlı olmağı zəruri edir”.

Tunar
NOCOMMENT.az

Seçilən
75
nocomment.az

1Mənbələr