AZ

Novruz bayramı: kollektiv yaddaş və regional özəlliklər elmi sessiya

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 mart, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunda “Novruz bayramı: kollektiv yaddaş və regional özəlliklər” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl iştirakçılar Novruz bayramı ilə bağlı nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Elmi sessiyanı açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Novruz bayramının Azərbaycan xalqının kollektiv yaddaşında tutduğu yeri, mərasimin ritual-mifoloji köklərini elmi-nəzəri kontekstdə dəyərləndirib. Alim qeyd edib ki, qloballaşma şəraitində milli-mədəni irsin qorunması və sistemli şəkildə arxivləşdirilməsi prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, regional xüsusiyyətlərin, o cümlədən Qərbi və Güney Azərbaycana məxsus Novruz ənənələrinin toplanması və müqayisəli şəkildə tədqiqi ümum-Azərbaycan mədəniyyətinin bütöv mənzərəsini formalaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kimi elmi sessiyalar həm mövcud biliklərin ümumiləşdirilməsinə, həm də yeni tədqiqat perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Sessiyada “Güney Azərbaycanda Novruz ənənələri”, “Son illər Novruz bayramı ilə bağlı toplanmış materialların icmalı: yerli özəlliklər”, “Qərbi Azərbaycanda Novruz adətləri milli kimliyin göstəricisi kimi” mövzularında məruzələr dinlənilib. Məruzələrdə Novruzun yalnız bayram deyil, bütöv bir mədəni yaddaş sistemi olduğu vurğulanıb. Qeyd olunub ki, Novruz ənənələrin regional xüsusiyyətlərini, inanclar sistemini və xalq yaddaşında qorunub saxlanan zəngin mədəni irsini nümayiş etdirir. Məruzələrdə Novruz bayramının milli kimliyin daşıyıcısı kimi əhəmiyyəti qeyd olunaraq, bu ənənələrin öyrənilməsinin vacibliyi önə çəkilib.

Elmi sessiyada, həmçinin Novruz mərasimlərində icra olunan arxaik rituallar, çərşənbələrin özəllikləri, bayram xonçalarının atributları, mərasimlərdə mühüm rol oynayan xalçalar və onlarla bağlı inanclar haqqında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
1
azertag.az

2Mənbələr