Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 18 mart, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti He Shiyou ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası, eləcə də yeni investisiya imkanları ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə günəş enerjisi layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyişlər qeyd edilib, bu stansiyanın ölkəmizin bərpa olunan enerji layihələrinin inkişafı ilə bağlı ikinci mərhələdə şəbəkəyə inteqrasiyasının nəzərdə tutulduğu vurğulanıb. Bu müstəvidə, hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan şəbəkə tədqiqatlarının nəticələrinin mühüm rolu diqqətə çatdırılıb.
Görüşdə Çin şirkətinin Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığa strateji əhəmiyyət verdiyi və yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlı olduğu bildirilib.
Söhbət zamanı Çində ağıllı şəbəkələrin inkişafı, yeni enerji sisteminin formalaşdırılması və rəqəmsal transformasiyanın gücləndirilməsi, data mərkəzləri və Sİ-nin enerji ilə təminatında bərpa olunan enerjinin payının artırılması kimi elektrik enerjisi sahəsində qəbul edilmiş yeni siyasətlər, eləcə də qlobal enerji və sənaye dəyər zəncirlərinin üzləşdiyi çağırışlara dair fikir mübadiləsi aparılıb.



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.