AZ

Hüquqşünas Əliməmməd Nuriyev: “Rəqəmsal mühitdə pul istəmək, yəni rəqəmsal dilənçilik hüquqi qiymətləndirməyə cəlb oluna bilər”

ain.az, Bizimyol saytına istinadən bildirir.

İnzibati Xətalar Məcəlləsinə (İXM) “Dilənçiliklə məşğul olma” adlı ayrıca maddənin əlavə edilməsi təklif olunur. Bizimyol.info xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Layihəyə görə, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, 100–200 manat cərimə və ya hallara görə 10 günədək inzibati həbs tətbiq oluna bilər. Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb olunmasına görə isə 200–500 manat cərimə və ya 15 günədək inzibati həbs nəzərdə tutulur.Sosial şəbəkələrdə, xüsusilə TikTok canlı yayımlarında pul istəmək və “hədiyyə” toplamaq halları geniş yayılıb. Bu da faktiki olaraq dilənçilik sayılmalıdırmı?

Hüquqşünas Əliməmməd Nuriyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, klassik formada bu dilənçilik sayılmaya bilər: “İnzibati Xətalar Məcəlləsinə dilənçiliklə məşğul olma ilə bağlı maddənin əlavə edilməsi təşəbbüsü ilk növbədə küçə dilənçiliyi və bu xüsusi ilə də uşaqların bu fəaliyyət cəlb olunmasının qarşısını almağa yönəlib. Çünki küçə dilənçiliyi getdikcə genişlənməkdədir. Baxmayaraq ki, bu istiqamətdə qarşısı alınmasına çalışılır, ancaq istər-istəməz biz küçələrdə görürük. Ümumiyyətlə nəinki uşaqlar, eyni zamanda daha çox böyüklərin küçə dilənçiliyi ilə məşğul olması çox geniş yayılıb. Bu bir sosial problemdir. Bunun üçün dövlət də bunu tənzimləməyə çalışır”.

Əliməmməd Nuriyev

“Sosial şəbəkələrdə, xüsusilə Tiktok platformasında canlı yayımlarda pul istənilməsi məsələsi bir az fərqli məsələdir. Əgər şəxs sadəcə kontent yaradıb və izləyiciləri könüllü şəkildə hədiyyə göndərirsə, bu daha çox platformanın monetizasiyasıdır. Klassik formada bu dilənçilik sayılmaya bilər. Platformanın monetizasiya mexanizmi – rəqəmsal platforma olan, xüsusən Tiktok, YouTube, İnstagram istifadəçilərinin yaratdığı məzmun vasitəsi ilə pul qazanır və həmin gəlirin bir hissəsini kontent yaradan şəxslərlə bölüşmək üçün qurduğu bir iqtisadi bir modeldir. Monetizasiya üsullarından biri hədiyyə və ianə sistemidir. Yəni izləyicilər əvvəlcə platformadan virtual sikkələr (coin) alır. Bu real pulla alınır. Sonra canlı yayım zamanı izləyicilər hədiyyələr göndərir. Bu hədiyyələr platformada ianə yaxud balans kimi yığılır. Yayımçı da həmin balansı müəyyən həddə çatdıqdan sonra real pula çevirir. Platforma bundan komissiya götürür. Qalan hissəsini isə kontent yaradan şəxsə ötürür.

Başqa hallar da var. Bəzi yayınlarda insanlar özlərini acınacaqlı vəziyyətdə göstərərək açıq şəkildə pul istəyir. Bu isə izləyicilərə emosional təsir göstərir, yazıqları gəlir və nəticədə çalışırlar ki, lazım olan məbləği toplasınlar, dəstək olsunlar. Bəzi insanların doğrudan pula ehtiyacı var. Ancaq ehtiyacı olmayan insanlar da bilərəkdən pul istəyir. Görürsən ki, adam uşaqlardan istifadə edərək göstərir və məsələn deyir uşaq laldır- yəni dil qüsurlu olan uşaqdır, məktəbə getmir və s. Bu rəqəmsal sistemdə dilənçilik etməkdir. Dilənçiliyin müasir formasıdır. Əlbəttə ki, belə vəziyyətlər artıq hüquqi baxımından müzakirə mövzusu olmalıdır və müəyyən hallarda dilənçilik və başqa hüquq pozuntusu kimi də qiymətləndirilə bilər, dələduzluq da ola bilər. Belə ad altında çoxlu pullar yığılır. Bu bir reallıqdır. Bu məsələlər həmişə hüququ qabaqlayan məsələlərdir. Çünki texnologiya inkişaf edir, amma hüquq əvvəlcədən tənzimləyə bilmir, ona görə baş verən hadisəni tənzimləməyə çalışır. Gələcəkdə rəqəmsal mühitdə pul istəmək halları -yəni rəqəmsal dilənçilik hüquqi qiymətləndirməyə cəlb oluna bilər. Bu, həm hüquqi aydınlaşmaya gətirib çıxaracaq, həm də müvafiq məsuliyyətin müəyyənləşdirilməsinə imkan yaradacaq”, - deyə Əliməmməd Nuriyev vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
bizimyol.info

1Mənbələr