AZ

Diaspor həkimləri arasında əməkdaşlıq genişlənir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Moskva, 18 mart, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev səfirlikdə Moskva və Moskva vilayətindəki Azərbaycan tibb ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə Rusiya paytaxtının və Moskva vilayətinin aparıcı ixtisaslaşmış universitetlərində və tibb müəssisələrində çalışan təxminən 50 akademik, professor və tibb elmləri doktoru iştirak edib. Səfir toplantıdakı çıxışında qeyd edib ki, Azərbaycan-Rusiya tibb ictimaiyyəti diasporun ən hörmətli və nüfuzlu qruplarından biridir, həmçinin tibb elmində və praktikasında əhəmiyyətli uğurlar qazanıb.

Görkəmli onkoloq və akademik Məmmədbağır Əliyevin Rusiya-Azərbaycan onkologiya məktəbinin formalaşmasında mühüm rolu vurğulanıb.

Səfir, həmçinin Rusiya Federasiyasında çalışan azərbaycanlı tibb mütəxəssislərinin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi əhəmiyyətli töhfəni və COVID-19 pandemiyası ilə mübarizədə, o cümlədən 2020-ci ildə Azərbaycana göstərilən yardımda onların fəal iştirakını qeyd edib. O, gənc nəsil həkimlərin Rusiyada əhalini dəstəkləmək üçün sosial əhəmiyyətli təşəbbüslər və layihələr həyata keçirərək bu ənənələri davam etdirdiyini diqqətə çatdırıb.

Bu kontekstdə Azərbaycan gəncləri tərəfindən təşkil edilən tibbi kampaniyalara, o cümlədən “Sağlam olduğunuzdan əmin olun, xəstəliklərə yox deyin”, “HİV/AİDS və narkomaniyaya qarşı birlikdə” və “Reproduktiv sağlamlıq” tibbi kampaniyalar nümunə kimi göstərilib.

Tədbir zamanı Azərbaycanda pandemiya ilə mübarizədə iştirak edən, artan stres və risk altında işləyən azərbaycanlı həkimlər haqqında videoçarx nümayiş etdirilib.

Rəhman Mustafayev çıxışının sonunda tibb ictimaiyyətinin nümayəndələrini Bakı ilə Moskva arasında elm və səhiyyə sahəsində əməkdaşlığı gücləndirməyə, eləcə də peşəkar təcrübənin gənc nəsil Azərbaycan tələbələrinə ötürülməsinə yönəlmiş təşəbbüsləri daha fəal şəkildə həyata keçirməyə çağırıb.

Daha sonra çıxış edən akademik Məmmədbağır Əliyev, onkoloq və kimyaterapevt Mehdi Nərimanov, cərrah Sabir Həbibov, stomatoloq-cərrah Rasim Qasımov və uroloq-androloq və ultrasəs müayinəsi üzrə mütəxəssis Səfər Həmidov görüşün təşkilinə görə minnətdarlıqlarını bildirib və səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə təkliflərini bildiriblər.

Rəsmi hissədən sonra müzakirə qeyri-rəsmi şəraitdə davam edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
azertag.az

1Mənbələr