AZ

Şəhid Gözəlov Rüfətin əziz xatirəsi mövlud günündə ehtiramla anılıb

Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi daim dərin ehtiramla yad olunur. Bu müqəddəs ənənənin davamı olaraq şəhid Gözəlov Rüfətin mövlud günü münasibətilə onun əziz xatirəsi anılıb.

Bu münasibətlə Şərur şəhər Şəhidlər xiyabanında keçirilən anım tədbirində şəhid ailələri, qazilər, muxtar respublikada fəaliyyət göstərən güc strukturlarının nümayəndələri, ictimaiyyət, eləcə də dövlət və hökumət nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ardınca Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra şəhid Rüfət Gözəlovun məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. İştirakçılar onun xatirəsini böyük ehtiram və minnətdarlıq hissi ilə yad ediblər.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan söz açaraq, onun Vətənə sədaqətinin, torpağa bağlılığının və göstərdiyi igidliyin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildiriblər. Vurğulanıb ki, Rüfət Gözəlov kimi qəhrəmanların şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir və onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Gözəlov Rüfət Əzim oğlu 17 mart 1996-cı ildə Sədərək rayonunun Dəmirçi kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 27 oktyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və 30 oktyabr tarixində Şərur Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Rüfət Gözəlov ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhidin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Ruhu şad olsun.

Bəxtiyar ƏLİYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Seçilən
51
herbiand.az

1Mənbələr