AZ

Araqçi: Laricaninin ölümü İranın siyasi sisteminə təsir etməyəcək...

Tehran siyasi sabitliyin qorunduğunu bildirir, yüksək vəzifəli rəsmilərin həlakı fonunda sərt bəyanatlar səslənir...

İranın xarici işlər naziri Abbas Araqçi Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin həlak olmasının ölkənin siyasi sisteminə təsir göstərməyəcəyini bildirib.

Poliqon xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Nazirin sözlərinə görə, İranın siyasi strukturu kifayət qədər möhkəm və dayanıqlıdır, ayrı-ayrı şəxslərin mövcudluğu və ya yoxluğu bu sistemi sarsıda bilməz. Araqçi vurğulayıb ki, sistemdə ən mühüm fiqur ali rəhbər hesab olunur, lakin hətta əvvəlki ali rəhbər Əli Xameneinin ölümü belə dövlət institutlarının fəaliyyətini dayandırmayıb.

Xatırladaq ki, 17 mart tarixində İran rəsmiləri Əli Laricaninin öldüyünü təsdiqləyib. O, ölkənin hakimiyyət sistemində əsas fiqurlardan biri hesab olunurdu. Hadisə nəticəsində onun oğlu Murtəza Laricani, Milli Təhlükəsizlik Şurası katibinin müavini Əlirza Bayət və bir neçə mühafizə əməkdaşı da həyatını itirib.

Tehran bəyan edib ki, Laricaninin ölümü ABŞ-nin və İsrailin məsuliyyət daşıdığı zərbə nəticəsində baş verib. İran prezidenti Məsud Pezeşkian və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu hadisəyə görə sərt və “qanlı intiqam” vəd edib.

Müşahidəçilər qeyd edirlər ki, bu hadisə regionda onsuz da gərgin olan geosiyasi vəziyyəti daha da kəskinləşdirə bilər. Eyni zamanda, İran rəhbərliyinin verdiyi açıqlamalar ölkədaxili siyasi sabitliyin qorunduğunu nümayiş etdirməyə yönəlib.

Poliqon.info

Seçilən
100
poliqon.info

1Mənbələr