AZ

Nigar Əliyeva: Bu sərgi milli yaddaşımızın bədii ifadəsidir

Bakı, 17 mart, AZƏRTAC

Bu sərgi vasitəsilə xalqımızın zəngin irsini, milli-mədəni dəyərlərimizi nümayiş etdirməyə çalışmışam. Bu zənginliyi kətan üzərində əks etdirmək istədim. İrsimiz o qədər zəngindir ki, onu tam şəkildə əhatə etmək mümkün deyil. Buna görə də düşünürəm ki, bu işin davamı da olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Xalça Muzeyində sərgisi açılan Nigar Əliyeva söyləyib.

“Əsərlərimdə müxtəlif mövzulara yer vermişəm. Xüsusilə milli mətbəximiz, bölgə mətbəxi, İrəvan xanlığının və xan sarayının mətbəx mədəniyyəti, eləcə də mahalların bir-birindən fərqlənən, təbiətlə sıx bağlı və olduqca zəngin yemək ənənələri öz əksini tapıb”, - deyə o qeyd edib.

Nigar Əliyevanın sözlərinə görə, layihə üzərində Vəsilə Əkbərova ilə birlikdə çalışıblar və təxminən iki il ərzində bu işi ərsəyə gətiriblər.

O deyib: “Sərgidə təqdim olunan əsərlər sadəcə təxəyyülün nəticəsi deyil. Yaradıcılıq prosesində müxtəlif muzeylərin eksponatlarından istifadə olunub. Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin, İncəsənət Muzeyinin və Tarix Muzeyinin eksponatlarına əsaslanan təsvirlərlə tanış olmaq mümkündür”.

Rəssam onu da diqqətə çatdırıb ki, sərgidə 70-dən çox əsər nümayiş etdirilir. Bütün əsərlər kətan üzərində yağlı boya texnikasında işlənib.

 
Müxbir - Günel Alıyeva
Fotoqraf - İlkin Cavanşirov
Seçilən
54
1
azertag.az

2Mənbələr