AZ

Sertifikatlaşdırma imtahanları ilə bağlı TƏKLİF - "İki dəfə kifayət edir"

"Əmək Məcəlləsinin 67-2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, bütövlükdə incəsənət məktəblərində çalışan təhsilverənlər də sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar. Həmin maddəyə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür və eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosedura cəlb edilmirlər".

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.

O təklif edib ki, həmin maddə üzrə sertifikatlaşdırmaya cəlb edilməyən vətəndaşların siyahısına baxılıb genişləndirilsin:

"Müzakirə etdiyimiz layihə üzrə incəsənət sektorunda beynəlxalq müsabiqə qaliblərinin sertifikatlaşdırmadan azad olunması məqsədəuyğun olardı. Eyni zamanda, məcəllənin 67-ci maddəsində üç dəfə deyil, ən azı iki dəfə sertifikatlaşdırmadan keçmiş şəxslərin bu prosedura cəlb edilməməsini təklif edərdim. Razılaşaq ki, iki dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir. Həmin şəxslərin üçüncü dəfə sertifikatlaşdırmaya cəlb edilməsinə xüsusi ehtiyac qalmır".

"Digər tərəfdən, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqısı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır. Daha çox təhsilverənin sertifikatlaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 bal deyil, maksimum balın 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı. Bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 faiz olar ki, bu da sözügedən sektorda əməyin daha yaxşı qiymətləndirilməsinə imkan verə bilər.

Hazırda 48-51 ballar toplayan müəllimlərdə əməkhaqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalarla 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşında 10 faiz, cəmi 1 bal çox toplayanda isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq, 80 faizdən daha çox nəticə göstərənlərin maaşlarının 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur", - parlamentari vurğulayıb.

"Vurğuladığınız meyarlar artıq işə qəbul qaydalarında nəzərdə tutulub. Sadəcə olaraq, bu istisnaların yenidən qanunvericiliyə daxil edilməsi üçün müəyyən prosedurlar mövcuddur".

Bunu isə mədəniyyət nazirinin müavini Səadət Yusifova deputat Vüqar Bayramovun təklifinə cavab olaraq deyib.

O bildirib ki, bu proses dövlət orqanları ilə, o cümlədən Elm və Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmalıdır:

"Ona görə də növbəti mərhələlərdə bu təklifləri dəyərləndirib nəzərə alacağıq. Sertifikasiya haqqında qanun qəbul edildikdən sonra müvafiq qaydalar da hazırlanacaq və həmin qaydalarda əməkhaqqılarının artırılma faizi də öz əksini tapacaq".

Seçilən
44
27
far.az

10Mənbələr