AZ

Chatgpt, Gemini, Grok istifadə edənlərin nəzərinə! Yeni qadağalar gəlir

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni -13-2.7-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni – 388-3-cü maddəyə görə, foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

“Nişanlanma” dedikdə, foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşülür.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

X X X

Süni intellektlə hazırlanan saxta və seksual məzmunlu materialların mediada yayımı qadağan edilir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən yeni -14.1.13-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.

Bu halda yayım Audiovizual Şuranın qərarı ilə 24 (iyirmi dörd) saat müddətinədək müvəqqəti dayandırılacaq. Belə informasiyalar dərc edilən xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.

Məhkəmə bu tələbə zidd olaraq xarici çap mediasının artıq paylanmış məhsulunu satışdan yığışdırmaq barədə qərar qəbul edə bilər.

Eyni zamanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yerləşdirilməsinə yol verməməlidir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

X X X

Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yaymaya görə cəzalar müəyyənləşir.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni – 148-2.1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə və zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

X X X

Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlayanlar və ya yayanlar həbs olunacaq.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni – 242-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
17
globalinfo.az

10Mənbələr