Ödəniş kartlarından istifadənin bankomat, POS-terminal və elektron ticarət üzrə dinamikası açıqlanıb.
Marja.az-ın məlumatına görə, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir ki, nağdsız ödənişlərdən istifadənin genişlənməsi istehlakçı davranışlarına da təsir göstərmiş, kart sahibləri tərəfindən daha çox rəqəmsal ödəniş kanallarına üstünlük verilmişdir.
2020-ci ildə kart əməliyyatlarının say üzrə 41.7%-i bankomatlar vasitəsilə aparıldığı halda, 2025-ci ildə bu göstərici 7.4%-ə enmişdir. Bankomatlarla aparılan əməliyyatların həcmi üzrə də oxşar tendensiya müşahidə edilir.
Kartlarla aparılan əməliyyatlarda POS-terminal ödənişlərinin say üzrə çəkisi 2020-ci ildə 23.9% olduğu halda, 2025-ci ildə müvafiq göstərici 31.4%-ə yüksəlib.
Elektron ticarət əməliyyatlarının kart əməliyyatlarında say üzrə çəkisi 2020-ci ildə 34.4% olduğu halda, 2025-ci ildə müvafiq göstərici 61.2% təşkil etmişdir. Həcm üzrə müvafiq göstərici isə 14.7%-dən 58.9%-ə yüksəlmişdir.