Yaxın Şərqdə gərginliyin artması və ABŞ–İsrail–İran qarşıdurmasının genişlənməsi artıq regional çərçivəni aşaraq qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərən bir prosesə çevrilməkdədir. Münaqişənin hazırkı mərhələsi göstərir ki, qarşıdurma yalnız hərbi aspektlərlə məhdudlaşmır. Proses dünya iqtisadiyyatına, enerji bazarlarına, beynəlxalq ticarət marşrutlarına və hətta qlobal ərzaq təhlükəsizliyinə qədər geniş təsir dairəsi yaradır.
Qlobal təhlükəsizlik arxitekturası üçün yeni risklər
ABŞ, İsrail və İran arasında yaranmış hərbi qarşıdurma qlobal təhlükəsizlik sisteminin ən həssas nöqtələrindən birinə Fars körfəzi və xüsusilə Hörmüz boğazı ətrafına fokuslanıb. Dünya neft ticarətinin mühüm hissəsi məhz bu strateji keçid nöqtəsindən keçir. Bu marşrutun bağlanması və ya məhdudlaşdırılması qlobal enerji bazarında ciddi şok yarada bilər.
Məhz buna görə də ABŞ prezidenti Donald Trump müttəfiq dövlətləri boğazın açılması və enerji nəqliyyatının təhlükəsizliyinin təmin olunması üçün “Hörmüz koalisiyası” yaratmağa çağırır. Vaşinqtonun planlarına görə, çoxmillətli hərbi birlik yaradılaraq tankerlərin təhlükəsiz hərəkəti təmin edilməli və regionda İranın təsir imkanları məhdudlaşdırılmalıdır.
Lakin bu təşəbbüsün reallaşması asan görünmür. NATO daxilində belə mövqelər tam üst-üstə düşmür. Xüsusilə Avropa ölkələri regionda genişmiqyaslı hərbi əməliyyatlara qoşulmaq məsələsində ehtiyatlı davranırlar. Bu isə münaqişənin beynəlxalq siyasi müstəvidə də parçalanma yaratdığını göstərir.
Münaqişənin uzanması və qlobal iqtisadi risklər
Hazırkı vəziyyətin ən təhlükəli tərəflərindən biri münaqişə tərəflərinin geri addım ata bilməməsidir. Hər bir tərəf strateji və siyasi reputasiya baxımından geri çəkilmənin ciddi nəticələr doğuracağını düşünür. Bu isə qarşıdurmanın uzanması riskini artırır.
Belə vəziyyətdə müharibə yalnız hərbi müstəvidə deyil, həm də iqtisadi və geosiyasi mübarizə formasına keçir. Enerji təchizat zəncirlərinin pozulması, tanker daşımalarının risk altına düşməsi və regionda sabitliyin zəifləməsi qlobal bazarlarda qiymət artımına səbəb olur. Neft və qazın bahalaşması isə domino effekti yaradaraq sənaye, logistika və ərzaq sektoruna da təsir edir.
Nəticədə dünya iqtisadiyyatı yeni inflyasiya dalğası, enerji qıtlığı və istehsal zəncirlərinin pozulması kimi problemlərlə üzləşə bilər.
İranın müqaviməti və münaqişənin hərbi balansı
Münaqişənin gedişi göstərir ki, tərəflərin hər biri ciddi itkilərlə üzləşir. ABŞ və İsrail texnoloji və hərbi üstünlüyə malik olsalar da, İran regiondakı geosiyasi mövqeyi və müxtəlif hərbi alətlər vasitəsilə müqavimət göstərməyə davam edir.
Hətta bəzi ssenarilərdə ABŞ tərəfindən İranın əsas neft ixrac nöqtələrindən biri sayılan Xarq adası üzərində nəzarətin ələ keçirilməsi variantı da müzakirə olunur. Bu addım Tehran üçün iqtisadi baxımdan ağır zərbə ola bilər. Lakin bu eyni zamanda regionda daha geniş hərbi eskalasiyaya səbəb ola bilər. Belə bir ssenari baş verərsə, İranın Fars körfəzində yerləşən enerji infrastrukturlarına və region ölkələrinin neft obyektlərinə cavab zərbələri endirməsi ehtimalı da istisnasız olacaq. Bu isə münaqişəni daha geniş regional müharibəyə çevirə bilər. Proseslərin regional müharibəyə çevrilməsini istəyənlər də istisna deyil. İlk növbədə Rusiya bunda maraqlıdır. Çünki iran müharibəsi Rusiya üçün yeni imkanlar və fürsətlər yaradır. Moskva da bundan maksimum faydalanmağa çalışır.
Birincisi, İran ətrafında yaranan böhranaın dünyanaın diqqətini Ukraynadan yayındırır.
İkincisi, qlobal enerji bazarına yaranan böhrana Rusiyaya, xüsusən də rus neft-qazına olan sanksiyalaırn aradana qaldırılmasına yol açır.
Üçüncüsü, Kremlin İran münaqişəsindən faydalanaraq beynəlxalq münasibətlər sistemində öz gücünü ortaya qoyub əsas aktorlardan biri rolunda çıxış etməyə çalışır.
Böyük güclərin maraqları və geosiyasi rəqabət
Mövcud vəziyyət təkcə regional qarşıdurma deyil, həm də böyük güclər arasında geosiyasi rəqabətin bir hissəsidir. ABŞ regionda təsirini qorumağa və enerji marşrutları üzərində nəzarəti saxlamağa çalışır. Eyni zamanda bu böhran Vaşinqton üçün qlobal rəqibləri ilə, xüsusilə Çinlə enerji təhlükəsizliyi məsələlərində əlavə siyasi alət kimi istifadə etmək istəyir.
Çin isə Fars körfəzindən keçən enerji marşrutlarından ən çox istifadə edən ölkələrdən biridir və regionda sabitliyin pozulması Pekin üçün ciddi iqtisadi risklər yaradır. Bu səbəbdən də Ağ Ev administrasiyası Pekini də prosesə cəlb etməyə çalışır.
Uzunmüddətli xaos strategiyası iddiaları
Proseslərin gedişi onu göstərir ki, ABŞ regionda qısa müddətli hərbi qələbədən daha çox uzunmüddətli geosiyasi təsir strategiyası həyata keçirməyə məcbur qalacaq. Çünki praktikadan da bəllidir ki, ABŞ hədəflərinə nail ola bilmədiyi bölgələrdə böhran, xaos yaratmaqla geosiyasi təsir imkanlarını qorumağa çalışır. İraq, Liviya, Suriya və digər ölkələrdə baş verən uzunmüddətli böhranlar, həmin strategiyanın Körfəzdə də tətbiq edəcəyi ehtimalını gücləndirir. Körfəzdə yaranacaq xaos və qeyri-sabitlikdən isə müəyyən güclər regional və qlobal məqsədlər üçün istifadə edilə bilərlər və bu istisnasızdır.
Qlobal nəticələr: qalib olmayan müharibə
Hazırkı proseslərin ən real nəticəsi ondan ibarətdir ki, bu münaqişənin qalibi yoxdur. Ən çox itirən tərəflərdən biri İran olsa da, müharibənin uzanması bütün dünya üçün mənfi nəticələr yaradır.
Enerji qiymətlərinin artması, təchizat zəncirlərinin pozulması, ərzaq təhlükəsizliyi problemləri, humanitar böhranların dərinləşməsi və ekoloji risklərin artması qlobal sistem üçün ciddi çağırışlar yaradır.
Bu səbəbdən İran ətrafında baş verən proseslər təkcə regional qarşıdurma kimi deyil, yeni qlobal böhran dalğasının başlanğıcı kimi də qiymətləndirilə bilər. Mövcud dinamika göstərir ki, yaxın perspektivdə dünya bu prosesdən qazanmaqdan çox itirmək riski ilə üz-üzədir.
Mürtəza