AZ

DİQQƏT: Azərbaycanda bütün banklar terminal üzrə 1 faiz komissiya tutacaq?

Azərbaycanda bəzi bankların ödəniş terminalları vasitəsilə aparılan əməliyyatlara komissiya tətbiq etməsi mövzusu yenidən gündəmə gəlib. Belə ki, “Premium Bank”ın terminallar vasitəsilə mədaxil əməliyyatlarına 1 faiz komissiya tətbiq etməsi bank sektorunda yeni müzakirələrə səbəb olub. Nağdsız ödənişlərin sürətlə artdığı bir dövrdə bu addımın digər banklar üçün də nümunə olub-olmayacağı maraq doğurur. Görəsən, yaxın vaxtlarda digər banklar da terminallar üzrə oxşar komissiya tətbiq edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, “Premium Bank”ın belə bir qərarı bazarda iki mümkün ssenari yaradır.

Razi

Onun sözlərinə görə, bəzi banklar artan xərcləri kompensasiya etmək üçün oxşar komissiyalar tətbiq edə bilər:

“Son dövrlərdə nağdsız əməliyyatlarda terminallar üzərindən aparılan pul köçürmələri kütləvi xarakter alıb. Bu isə banklar üçün əlavə xərclər yaradır. Terminalların saxlanılması, texniki xidmət, təhlükəsizlik və proqram təminatı kimi xərclər artdıqca banklar bunu kompensasiya etmək üçün komissiya tətbiqinə meyil göstərə bilərlər”.

İqtisadçı qeyd edib ki, digər tərəfdən bəzi banklar müştəri məmnuniyyətini və rəqabət üstünlüyünü qorumaq üçün belə komissiyalardan imtina edə bilər.

“Azərbaycan Mərkəzi Bankı bank xidmətləri üzrə komissiyalara müəyyən məhdudiyyətlər tətbiq etmək səlahiyyətinə malikdir. Əgər müştərilər bu komissiyalardan narazı qalaraq digər banklara üz tutarlarsa, bu da bəzi bankların geri addım atmasına səbəb olacaq”.

Razi Abbasbəyli vurğulayıb ki, hazırda bütün bankların dərhal oxşar komissiya tətbiq edəcəyini demək çətindir. Lakin terminallar vasitəsilə nağdsız əməliyyatların artması bankların xərclərini yüksəltdiyi üçün gələcəkdə digər bankların da bu istiqamətdə addımlar atması istisna olunmur.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
32
1
konkret.az

2Mənbələr