AZ

XIII Qlobal Bakı Forumu: Bakıdan dünyaya sülh mesajı

 

Elnarə Akimova, Milli Məclisin deputatı, 
YAP İdarə heyətinin üzvü, Filologiya elmləri doktoru

 

Dünya sürətlə dəyişdiyi üçün geosiyasi qarşıdurmaların artdığı, yeni münaqişə ocaqlarının yarandığı, beynəlxalq hüququn tez-tez sınağa çəkildiyi bir dövrdə təhlükəsizlik anlayışı dövlətlərin gündəliyində yenidən birinci yerə qayıdır. Məhz belə bir mürəkkəb mərhələdə İlham Əliyev Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda çıxış edərək müasir dünyanın əsas reallığını açıq şəkildə ifadə etdi: təhlükəsizlik, sabitlik və müdafiə olmadan heç bir inkişaf modelinin, heç bir iqtisadi strategiyanın real mənası yoxdur.

Son onilliklərin təcrübəsi də bunu təsdiqləyir. Bir çox ölkələr illərlə iqtisadi inkişaf üçün çalışsalar da, qlobal böhranlar və müharibələr onların əldə etdiklərini bir anda risk altına salır. Bu mənada təhlükəsizlik artıq sadəcə hərbi məsələ deyil; o, dövlətin mövcudluğunu, iqtisadiyyatın dayanıqlığını və cəmiyyətin gələcəyini müəyyən edən əsas faktora çevrilib.

Azərbaycanın təcrübəsi isə bu baxımdan xüsusi diqqət çəkir. Ölkə təxminən 30 il ərzində ərazilərinin işğal altında qalması reallığı ilə üz-üzə idi. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasını tələb edən qətnamələri illərlə kağız üzərində qaldı. Beynəlxalq sistemin selektiv yanaşması isə problemin həllini daha da uzatdı.

Nəticədə Azərbaycan öz suverenliyini bərpa etmək üçün beynəlxalq hüququn verdiyi özünümüdafiə hüququndan istifadə etdi. İkinci Qarabağ müharibəsi zamanı ölkə ərazi bütövlüyünü hərbi yolla bərpa etdi və bununla da müasir tarixdə nadir rast gəlinən bir nümunə ortaya qoydu: dövlət əvvəlcə güc vasitəsilə ədaləti bərpa etdi, sonra isə siyasi yollarla sülhə nail oldu. Prezidentin sözləri ilə desək, bu, nəzəriyyə deyil, real və yaşanmış təcrübədir.

Bu prosesin davamı olaraq Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı və regionda yeni mərhələnin əsası qoyuldu. Prezident qeyd etdi ki, artıq yeddi aydır sərhəddə sakitlik hökm sürür, atəş səsləri eşidilmir, itkilər yoxdur. Bu faktın özü region üçün böyük dönüş nöqtəsidir. Çünki Cənubi Qafqaz onilliklər boyu münaqişə və qarşıdurma ilə xatırlanırdı.

Azərbaycanın sülhə yanaşması isə təkcə siyasi bəyanatlarla məhdudlaşmır. Rəsmi Bakı artıq Ermənistana iqtisadi məhdudiyyətləri aradan qaldıraraq neft məhsullarının ixracına başlayıb. Bu addım həm siyasi iradənin, həm də uzunmüddətli sabitliyə real marağın göstəricisi kimi qiymətləndirilir. Müharibədən sonra qalib tərəfin məğlub olmuş rəqibə sülh təklif etməsi və əməkdaşlıq imkanları yaratması dünya siyasətində tez-tez rast gəlinən hal deyil.

Prezidentin çıxışında diqqət çəkən digər məqam vasitəçilik institutuna münasibət oldu. Onun sözlərinə görə, uzun illər fəaliyyət göstərən ATƏT-in Minsk qrupu münaqişəni həll etmək əvəzinə faktiki olaraq onu dondurmuş vəziyyətdə saxladı. Məhz bu səbəbdən Azərbaycan və Ermənistan birbaşa dialoq formatına keçdikdən sonra sülh prosesində real irəliləyiş əldə edildi.

Qlobal gündəlikdə mühüm yer tutan başqa bir məsələ enerji təhlükəsizliyidir. Müasir dünyada enerji artıq sadəcə iqtisadi resurs deyil, milli təhlükəsizlik amilidir. Azərbaycan isə bu sahədə mühüm regional oyunçuya çevrilib. Bu gün ölkə neft, qaz, neft-kimya məhsulları və elektrik enerjisi istehsal edən və ixrac edən dövlət kimi beynəlxalq enerji bazarında etibarlı tərəfdaş sayılır. Son bir ildə Azərbaycandan qaz alan ölkələrin sayının 12-dən 16-ya yüksəlməsi də bu reallığın göstəricisidir.

Enerji ilə yanaşı, nəqliyyat və logistika sahəsi də Azərbaycanın strateji üstünlüklərindən birinə çevrilib. Ölkə uzun illər ərzində enerji gəlirlərini infrastruktur layihələrinə yönəldərək böyük tranzit potensialı formalaşdırıb. Bu gün Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əsas tərəfdaşlardan biri hesab olunur. Bu marşrutlar Asiya ilə Avropa arasında yeni iqtisadi körpü rolunu oynayır.

Sülhün əldə olunması isə region üçün yeni logistika imkanları yaradır. Ermənistan üzərindən keçəcək yeni nəqliyyat istiqamətləri həm Orta Dəhlizin imkanlarını genişləndirə, həm də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə yarada bilər. Bu layihə reallaşarsa, təkcə Azərbaycan deyil, regionun bütün ölkələri üçün iqtisadi baxımdan qarşılıqlı faydalı yeni mərhələ başlaya bilər.

Bütün bu faktlar bir daha göstərir ki, Azərbaycan son illərdə təkcə regional münaqişəni həll edən ölkə kimi deyil, həm də təhlükəsizlik, enerji və nəqliyyat sahələrində qlobal proseslərə təsir göstərən aktor kimi çıxış edir. Bakı forumunda səsləndirilən mesaj da məhz bundan ibarətdir: sabitlik təsadüfən yaranmır, onu siyasi iradə, strateji baxış və ardıcıl siyasət formalaşdırır.

Bu gün dünyanın bir çox bölgələrində müharibələr davam edir, yeni gərginlik ocaqları yaranır. Belə bir vaxtda Cənubi Qafqazda sülhün bərqərar olması təkcə regional hadisə deyil. Bu, eyni zamanda beynəlxalq münasibətlər sisteminə verilən mühüm mesajdır: bəzən ədalət uğrunda mübarizə aparmaq, sonra isə sülh qurmaq mümkündür. Və bu sülhün alternativi yoxdur.

Seçilən
11
herbiand.az

1Mənbələr