AZ

ABŞ-nin “Tramp yolu”na marağı azalır? – Bakıdan REAKSİYA

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Ermənistanla sülhdən sonra Orta Dəhlizin genişləndirilməsi üzərində çalışıldığını və Naxçıvanla birbaşa əlaqənin yaradılacağını bildirib. 

İrana qarşı hava əməliyyatları başladıqdan sonra regional geosiyasi təhdidlərin daha da artması müşahidə edilməkdədir. Bölgədəki yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat və eləcə də iqtisadi əlaqələrin yenidən bərpasını daha da aktuallaşdırıb. İki ölkə arasındakı münasibətlərdə mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhfə verəcək: “Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Bu həmçinin sülhün iqtisadi dividentləri deməkdir”.

İlham

Yaxın Şərq hadisələri fonunda Zəngəzur koridorunun gerçəkləşməsi nə qədər yaxında görünür və Azərbaycanın qazancı illik 3 milyardı keçə bilərmi?

Bu arada Baş nazir Nikol Paşinyan Yaxın Şərqdə alovlanan müharibənin Ermənistan üçün strateji əhəmiyyət kəsb edən “Tramp yolu”na mənfi təsirlərdən danışıb. O, İrandakı hərbi əməliyyatların və ABŞ-ın regiondakı yeni hərbi prioritetlərinin bu layihəni qeyri-müəyyən müddətə təxirə sala biləcəyini söyləyib. Paşinyanın sözlərinə görə, Vaşinqton administrasiyası hazırda Tehranla birbaşa hərbi münaqişəyə fokuslandığı üçün iqtisadi infrastruktur layihələri ikinci plana keçib. "Aydındır ki, ABŞ administrasiyası, ən azı hazırda, TRIPP layihəsini özü üçün prioritet hesab etmir", — deyə o əlavə edib. Paşinyanın əndişəsi əsaslımı?

Hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirib ki, ABŞ- İsrail cütlüyünün İrana qarşı hərbi əməliyyatlara başlaması və İranın cavab hərbi əməliyyatları Yaxın və Orta Şərq, həmçinin Cənubi Qafqaz regionunda geosiyasi, iqtisadi və hərbi xarakterli bir sıra risklər yaradıb: “Bu risklər də öz növbəsində regionda həyata keçirilməsi nəzərdə tutulan beynəlxalq layihələr üçün, o cümlədən “Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsi üçün təhdidlərlə müşayiət oluna bilər”. Onun fikrincə, bu təhdidləri bir neçə istiqamət üzrə qruplaşdırmaq olar: “Birinci istiqamət təhlükəsizliklə bağlı ümumi xarakterli təhdidlərdir. Belə ki, hərbi əməliyyatların uzun müddət davam etməsi regionun təhlükəsiz inkişafına əsas təhdidlərdən biridir. “Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsinin həyata keçirildiyi məkan bilavasitə hərbi əməliyyatlar zonasına daxil olmasa da, yaxın məsafədə yerləşir. Hərbi əməliyyatlara yaxın ərazi təhlükəsizlik baxımından qeyri-sabit məkan hesab oluna, “Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsi isə investisiya və logistika baxımından riskli görünə və son nəticədə layihəyə investisiya qoyuluşunu və dəhlizin işə düşməsini ləngidə bilər. Adətən investisiya qoyuluşunda daha təhlükəsiz və sabit bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrə üstünlük verilir. Bundan başqa təhlükəsizlik baxımından riskli olan marşrutla yüklərin daşınması iqtisadi cəhətdən səmərəli olmaya bilər”.

Qulamhüseyn

Ekspertə görə, ikincisi, hərbi əməliyyatların tərəflərindən biri olan İranın mühafizəkar rejimi “Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsinə qarşı açıq aşkar çıxış edir:

“Rejim rəsmiləri dəhlizin açılmasına hər vasitə ilə mane olacaqlarını dəfələrlə bildiriblər. Nəzərə almaq lazımdır ki, “Tramp yolu”nun (Zəngəzur dəhlizinin) marşrutu İranın “qırmızı xətt hesab etdiyi Ermənistanla birbaşa quru əlaqələrinin olduğu ərazidən keçir və İran rejimi Ermənistanla quru sərhədinin keçdiyi ərazilərə strateji əhəmiyyət verir. İran “Tramp yolu”nun işə düşməsi ilə Ermənistanın həmin hissəsini faktiki olaraq onun nəzarətindən çıxa biləcəyindən və İranın regiondakı rolunun zəifləyəcəyindən qorxur. “Tramp yolu”nun işə düşməsi ilə həmçinin Türkiyə ilə Azərbaycan arasında birbaşa quru bağlantı və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın türk dövlətləri arasında birbaşa loqistik əlaqələr yaranacaq. Bu isə öz növbəsində regionda Türkiyənin, Azərbaycanın, bütövlükdə Türk dünyasının rolunun güclənməsinə və son nəticədə vahid güc mərkəzinə çevrilməsinə gətirib çıxaracaq ki, İran həmişə bu məsələdən ciddi şəkildə ehtiyat edir”.

Q.Əlibəyli deyib ki, İran həmçinin, “Tramp yolu”nu (Zəngəzur dəhlizini) Şimal-Cənub və özünün təklif etdiyi Araz marşrutuna başlıca alternativ kimi görür: “Yəni Zəngəzur dəhlizinin işə düşməsi İranın regiondakı tranzit rolunu zəiflədə bilər. (Baxmayaraq ki, Azərbaycan prezidenti Zəngəzur dəhlizinin Şimal-Cənub marşrutuna alternativ olmadığını, əksinə həmin marşrutun da birləşə biləcəyi loqistika qovşağı ola biləcəyini dəfələrlə vurğulayıb). Buna görə də İran rejimi müxtəlif bəhanələrlə, o cümlədən müharibə bəhanəsi ilə “Tramp yolu”na (Zəngəzur dəhlizinə) hərbi zərbələr endirə bilər. Bir neçə gün bundan əvvəl SEPAH-ın Naxçıvan beynəlxalq aeroportuna PUA-larla hücumu İran rejiminin dəhlizin keçdiyi marşrut üzrə infrastruktura hərbi zərbələr endirməyə hazır olduğunun göstəricisi kimi qiymətləndirilə bilər. Qeyd etmək lazımdır ki, Naxçıvan beynəlxalq aeroportu “Tramp yolu” (Zəngəzur dəhlizi) marşrutunun əsas infrastrukturlarından biri hesab olunur”.

KİV:

Mütəxəssis hesab edir ki, İranda müharibə “Tramp yolu”nun (Zəngəzur dəhlizinin) əsas təminatçısı və investoru olan ABŞ-ın regiondakı cari fəaliyyətinin prioritetlərini müvəqqəti olsa da dəyişdirə bilər: “Ermənistanın baş naziri Nikol Paşinyan da məhz buna işarə edərək İrandakı hərbi əməliyyatların və ABŞ-ın regiondakı yeni hərbi prioritetlərinin bu layihəni qeyri-müəyyən müddətə təxirə sala biləcəyini, Tramp administrasiyası hazırda Tehranla birbaşa hərbi münaqişəyə fokuslandığı üçün iqtisadi infrastruktur layihələrinin ikinci plana keçdiyini bildirib”.

İranla hərbi əməliyyatlar başlanandan sonra Tramp administrasiyasının digər məsələlərə, o cümlədən Rusiya - Ukrayna müharibəsinə və “Tramp yolu”na diqqətinin zəiflədiyi görüntüsü yarandığını bildirən həmsöhbətimiz qeyd edib ki, ABŞ rəhbərliyi geosiyasi maraqlardan daha çox, geoiqtisadi maraqlara üstünlük verir: “Ona görə də “Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsinin ikinci plana keçdiyini birmənalı şəkildə demək olmaz. Hesab edirəm ki, ABŞ dəhlizlə əlaqədar layihələndirmə və texniki xarakterli digər məsələlərin həllini gözləyir. Həmçinin İrandakı hərbi əməliyyatlara digər məqsədlərlə yanaşı, dəhlizin təhlükəsizliyinin hərbi cəhətdən təmin olunması vasitəsi kimi baxır. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Ermənistanla sülhdən sonra Orta Dəhlizin genişləndirilməsi üzərində çalışıldığı və Naxçıvanla birbaşa əlaqənin yaradılacağı barədə nibkinliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr