AZ

Trampdan İrana şok sözlər: “Bu dəli alçaqları…”

ABŞ, İsrail və İran arasında davam edən hərbi qarşıdurma 14-cü gününə daxil olduğu bir vaxtda gərginlik daha da artıb.

NOCOMMENT.AZ xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana yönəlik növbəti sərt açıqlama verərək Tehran rəhbərliyini açıq şəkildə təhdid edib.

Tramp sosial media hesabında paylaşdığı mesajda İranın hərbi gücünün ciddi zərbə aldığını iddia edib. ABŞ prezidentinin sözlərinə görə, İranın dəniz və hava qüvvələri faktiki olaraq məhv edilib və ölkənin raket, pilotsuz uçuş aparatları və digər hərbi imkanlarına qarşı əməliyyatlar davam edir.

“Bizim misli görünməmiş hərbi gücümüz, limitsiz sursatımız və çoxlu vaxtımız var. Bu dəli alçaqların başına bu gün nə gələcəyinə baxın”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, İran 47 il ərzində dünyada günahsız insanların ölümünə səbəb olub və indi bunun nəticələrini yaşayır.

Tramp “Fox News” telekanalına verdiyi və hələ tam yayımlanmayan müsahibəsində İranın yeni dini lideri Müctəba Xameneinin vəziyyətinə də toxunub. O bildirib ki, Xameneinin sağ olduğuna inanır.

“Düşünürəm ki, o, yaralanıb, amma böyük ehtimalla sağdır”, – deyə Tramp qeyd edib.

Tramp həmçinin İranın dəniz gücü ilə bağlı iddialar səsləndirib. Onun sözlərinə görə, ABŞ qüvvələri İranın bütün hərbi gəmilərini batırıb və Hörmüz boğazından keçən gəmilər üçün ciddi təhlükə qalmayıb.

“Qorxulacaq heç nə yoxdur. Onların artıq donanması yoxdur və biz bütün gəmilərini batırmışıq”, – deyə ABŞ prezidenti bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi isə Müctəba Xameneinin vəziyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Onun sözlərinə görə, İranın yeni dini lideri yaralansa da, vəziyyəti stabildir.

“Bəli, o yaralanıb, lakin vəziyyəti yaxşıdır”, – deyə Bekayi açıqlayıb.

İranın yeni dini lideri Müctəba Xamenei martın 8-də vəzifəyə başlamasından sonra ilk dəfə xalqa müraciət edib. Onun müraciəti rəsmi Telegram kanalı vasitəsilə yayımlanan səs yazısı şəklində təqdim olunub.

Xamenei çıxışında ABŞ və İsrailin hücumlarında ölən iranlıların qanının qisasının alınacağını bildirib və Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarının hədəf alınmağa davam edəcəyini vurğulayıb.

“Tökülən bütün qanlara görə qisas alınacaq. ABŞ bazalarına qarşı əməliyyatlar davam edəcək”, – deyə o bildirib.

Yeni dini lider həmçinin Hörmüz boğazının bağlanmasının vacibliyini qeyd edib və Körfəz ölkələrini öz ərazilərində yerləşən ABŞ hərbi bazalarını bağlamağa çağırıb.

Xamenei çıxışında atasının – İranın ali lideri Ayətullah Əli Xameneinin ABŞ-İsrail hücumları zamanı öldürüldüyünü də təsdiqləyib.

“Allah atama Ramazanın onuncu günü səhər Qurani-Kərim oxuyarkən şəhidlik nəsib etdi”, – deyə o bildirib.

Xamenei əlavə edib ki, İran düşmənə qarşı yeni cəbhələrin açılması ehtimalını da nəzərdən keçirir və müharibə davam edərsə bu planlar həyata keçirilə bilər.

Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-də İranın nüvə və hərbi obyektlərinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Hücumlar Tehran və Vaşinqton arasında davam edən danışıqlar fonunda həyata keçirilib.

Aliyə,
NOCOMMENT.az

Seçilən
17
14
nocomment.az

10Mənbələr