AZ

Qlobal dəyişikliklər fonunda Azərbaycanın sülh və təhlükəsizlik modeli

Martın 12-də Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu müasir beynəlxalq münasibətlər sisteminin qarşılaşdığı çağırışların müzakirə edildiyi mühüm beynəlxalq platformaya çevrildi. Forumun açılış mərasimində Prezident cənab İlham Əliyevin çıxışı qlobal siyasi proseslərin təhlili, regional təhlükəsizlik məsələləri və Azərbaycanın əldə etdiyi təcrübənin beynəlxalq ictimaiyyətlə bölüşülməsi baxımından xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısı çıxışında qeyd etdi ki, müasir dünyada təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir dövlət üçün əsas prioritetə çevrilib. Artan geosiyasi gərginliklər, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq hüququn selektiv tətbiqi bir çox ölkələri ciddi risklərlə üz-üzə qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, təhlükəsizlik təmin olunmadan iqtisadi inkişafdan, sosial rifahdan və digər strateji məqsədlərdən danışmaq mümkün deyil. Məhz buna görə də dövlətlərin səylərini təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birləşdirməsi zəruridir. Azərbaycan üçün regional təhlükəsizlik məsələsi hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.

Otuz ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğal altında qalması ölkəmizin milli təhlükəsizlik gündəliyinin mərkəzində dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm diplomatik, həm də hərbi-siyasi müstəvidə ardıcıl və prinsipial mövqe nümayiş etdirərək ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqların azad olunması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın özünümüdafiə hüququnun reallaşdırılması idi. Dövlət başçısı çıxışında diqqətə çatdırdı ki, Azərbaycan dünya miqyasında nadir bir təcrübəyə malikdir. Ölkəmiz əvvəlcə güc tətbiq etməklə ərazi bütövlüyünü və suverenliyini bərpa edib, daha sonra isə siyasi yollarla sülhə nail olub.

Bu yanaşma müasir beynəlxalq münasibətlər tarixində mühüm presedent kimi qiymətləndirilə bilər. Çünki Azərbaycan yalnız hərbi qələbə ilə kifayətlənməyərək regionda dayanıqlı sülhün bərqərar olması üçün təşəbbüslər irəli sürüb. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması da diqqətəlayiq bir prosesdir. 2023-cü ilin sentyabrında baş vermiş son qarşıdurmadan sonra 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması regionda normallaşma prosesinin sürətlə irəlilədiyini göstərir. Bu gün artıq yeddi aydır ki, tərəflər faktiki olaraq sülh şəraitində yaşayırlar. Sərhəddə sabitlik hökm sürür, atəşkəs pozuntuları və insan itkiləri müşahidə olunmur. Bu, güclü siyasi iradənin və qarşılıqlı anlayışın nəticəsidir. Azərbaycanın sülh siyasətinin mühüm göstəricilərindən biri də Ermənistanla münasibətlərdə atılan praktiki addımlardır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistan üçün müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb və hətta bu ölkəyə neft məhsullarının ixracına başlayıb. Bu addımlar Azərbaycanın regionda uzunmüddətli və davamlı sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdirir. Dövlət başçısı çıxışında münaqişələrin həlli prosesində vasitəçilik institutunun effektivliyi məsələsinə də toxundu. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyəti nəticə vermədi və münaqişənin həlli əvəzinə onun dondurulmasına xidmət etdi. Azərbaycan məhz bu səbəbdən vasitəçilərsiz, ikitərəfli formatda danışıqlara üstünlük verdi və nəticədə qısa müddət ərzində real sülhə nail olundu. Bu təcrübə müasir dünyada münaqişələrin həlli üçün yeni yanaşma kimi qiymətləndirilə bilər. Prezident cənab İlham Əliyevin çıxışında xüsusi yer tutan mövzulardan biri də enerji təhlükəsizliyi məsələsi oldu. Bu gün enerji təhlükəsizliyi artıq təkcə iqtisadi məsələ deyil, dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan isə uzun illərdir ki, qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən etibarlı tərəfdaş kimi tanınır.

Hazırda ölkəmiz neft, qaz, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı sahəsində geniş fəaliyyət göstərir. Son bir ildə Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının 12-dən 16-ya çatması ölkəmizin Avropa və digər regionların enerji təhlükəsizliyində artan rolunu nümayiş etdirir. Azərbaycan boru kəmərləri vasitəsilə təbii qaz ixrac edən ölkələr arasında coğrafi əhatə baxımından dünyada birinci yerdədir. Bu isə ölkəmizin beynəlxalq enerji bazarındakı strateji mövqeyini daha da gücləndirir. Cənab Prezident  çıxışında qlobal iqtisadi münasibətlər sistemində nəqliyyat və logistika əlaqələrinin roluna da xüsusi diqqət yetirdi. Müasir dövrdə münaqişələr və geosiyasi gərginliklər ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, beynəlxalq tədarük zəncirlərinə ciddi təsir göstərir. Belə bir şəraitdə Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə mühüm və əvəzolunmaz tərəfdaş kimi çıxış edir. Ölkəmiz Orta Dəhlizin inkişafına fəal şəkildə sərmayə yatırır və regionda tranzit imkanlarının genişlənməsinə töhfə verir. Azərbaycan ərazisində hər iki dəhliz üzrə əsas infrastruktur layihələrinin tamamlanması ölkəmizin beynəlxalq logistika mərkəzlərindən birinə çevrildiyini göstərir. Ermənistanla sülh əldə edildikdən sonra isə Orta Dəhlizin yeni istiqamətinin formalaşdırılması istiqamətində işlər aparılır. Bu marşrut Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək. Bununla yanaşı, nəqliyyat xətləri ilə yanaşı enerji, optik kabel və digər kommunikasiya infrastrukturlarının yaradılması planlaşdırılır. Bu layihə yalnız Azərbaycan üçün deyil, region ölkələri üçün də qarşılıqlı faydalı imkanlar yaradacaq. Beləliklə, Prezident cənab İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərinə dair Azərbaycanın yanaşmasını aydın şəkildə ortaya qoydu. Azərbaycanın keçdiyi yol göstərir ki, güclü siyasi iradə, beynəlxalq hüquqa əsaslanan mövqe və praqmatik siyasət sayəsində həm milli maraqları qorumaq, həm də regionda sabitlik və inkişaf üçün yeni imkanlar yaratmaq mümkündür. Bu model isə yalnız region üçün deyil, qlobal miqyasda da mühüm təcrübə kimi qiymətləndirilə bilər.

 

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Seçilən
8
ikisahil.az

1Mənbələr