ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyaya 12 mart tarixinə qədər gəmilərə yüklənmiş neft və neft məhsullarının satılmasına dair lisenziya verib.
"Report" xəbər verir ki, lisenziya 12 mart - 12 aprel tarixləri arasında etibarlıdır.
"12 mart 2026-cı il tarixinə gəmilərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının tədarükü və satışına icazə verən 134 saylı ümumi lisenziya", - sənəddə deyilir.
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, satış icazəsi yalnız artıq tranzitdə olan neftə aiddir. Verilən lisenziyanın məqsədi mövcud yanacaq tədarükünün qlobal əhatə dairəsini artırmaqdır: "Bu dar hədəfli qısamüddətli tədbir Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası gətirməyəcək".
Vurğulanıb ki, qərar İranla bağlı heç bir əməliyyata şamil edilmir: "Bu ümumi lisenziya, icra sərəncamı ilə qadağan edilmiş heç bir əməliyyata və ya fəaliyyətə, o cümlədən İran, İran hökuməti və ya bu ölkədən gələn mal və ya xidmətlərlə bağlı hər hansı əməliyyata və ya fəaliyyətə icazə vermir".